Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden İlham Əliyevin təşəbbüsündən niyə narahatdır?



Newscenter.az.28.04.2021. Həm 44 günlük müharibə zamanı, həm də ondan sonrakı dövrlərdə Prezident İlham Əliyev çıxışlarında məğlub Ermənistana ciddi mesajlar verdi. “Böyük Ermənistan” kimi cılız xülyalarla yaşayan, Azərbaycanla yanaşı Türkiyəyə də əsassız ərazi iddiaları irəli sürməklə 30 il özünü dalana salan Ermənistan üçün yeni bir real imkanın yarandığını qeyd edirdi Prezident. Regionda müəyyənləşmiş yeni reallığın şərtlərindən çıxış edərək kapitulyasiyaya uğramış Etmənistan qarşısında iki yol var idi ki, bu şans hələ də mövcuddur. Ya işğalçılıq, təcavüz və əsassız ərazi iddiaları ilə bağlı siyasətdən əl çəkib girdiyi dalandan çıxacaq. Digər yol da, əslində Ermənistanın bir dövlət kimi sonunu gətirəcək indiyə qədər getdiyi yolun, və ya yolsuzluğun davamıdır.

Bəs, Prezidnet İlham Əliyevin təklif etdiyi yeni yol məğlub Ermənistanı düşdüyü acınacaqlı vəziyyətdən necə çıxaracaqdı? Bəlkə də heç bir qalib dövlətin məğlub etdiyi tərəfə təklif etmədiyi, lakin bizim Ermənistana tanıdığımız imkan çox sadə şərtləri əhatə edir. Həm Azərbaycana, həm də Türkiyəyə qarşı əsassız ərazi və işğalçılıq iddialarından əl çəkmək. Bununla Ermənistan regionun inkişafında həlledici rol oynayan Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə baş tutan bütün iqtisadi və digər böyük layihələrdə iştirak hüququnu əldə edəcəkdi. Bununla Ermənistan həm Türkiyə ilə olan qərb sərhədlərinin, həm də Azərbaycanla olan şərq sərhədlərinin açılmasına nail olacaqdı. Müstəqillik əldə etdiyi gündən bağlanaraq paslanmış iki önəmli və ona rahat nəfəs çəkməyə imkan verəcək qapılarını açmaqla özünü saldığı dalandan çıxaracaqdı Ermənistan.

Onu onsuz da iqtisadi olaraq iflasa doğru aparan, bir dövlət kimi Ermənistanı dünya coğrafiyasından siləcək və ona qədər də girdiyi tuneldən çıxmağa imkan verməyən yolu getməkdə niyə israr edir bədnam qonşumuz? Çünki, zamanında erməni anlayışını cənubi Qafqaz regionuna süni şəkildə daşımaqla, hətta ona başqa xalqların ərazilərində dövlət hədiyyə edərək onun üçün cızılmış çərçivədən və bu cür təxribatçı planı hazırlayanların istəklərindən kənara çıxa bilmir. Çıxa da bilməz! Buna cəhd belə onların məhvini və sonunu gətirəcək. Çünki, elə bu əraziyə heç bir aidiyyatı olmayan bir toplumu bura köçürərək heç vaxt nail ola bilməyəcəyi arzuları ona vəd etməkdə məqsəd hazırki vəziyyətə nail olmaq olub.

Məhz elə bu səbəbdəndir ki, hazırda məğlub Ermənistana ən doğru yolu göstərən Azərbaycan Prezidentinin təşəbbüsü ABŞ-ı və onun müttəfiqlərini ciddi şəkildə narahat edir. Onlar bir neçə yüzilliyi əhatə edən məkrli planlarının ifşa olunduğunu və uğursuluğa düçar olmaqla qarşı-qarşıya durduğunu müşahidə edirlər. Ancaq hətta bu plana və onun təhlükəli müttəfiqlərinə rəğmən belə Azərbaycan və onun ən yaxın müttəfiqi olan Türkiyə haqlı istəklərinə nail olacaqlar. Elə buna görədir ki, Prezident İlham Əliyev qarşı tərəfə xoş və humanist üzü ilə yanaşı, çox ciddi və real xəbərdarlıqlarla dolu sərt üzünü də göstərir. İşğaldan azad edilmiş bütün ərazilərimizi qarış-qarış gəzməklə hər nöqtədən və ən ucqar sərhədlərimizdən erməni ictimaiyyətinə səsini duyurur. Son xəbərdarlıqlarını edir!

Artıq seçim Ermənistanındır. Ya özünün və insanlarının xilası yolunu seçib ona real imkanlar vəd edən şərtləri qəbul edəcək. Ya da, uzun illər ərzində erməni xalqını özünün məkrli planlarının bir hissəsinə çevirən, onların müqəddəratı ilə bir oyuncaq kimi oynayan və bu gün də “soyqırımı” kartını ortaya atmaqla regionda münaqşiə toxumunu yenidən cücərtməyə çalışan fitnəkarların oyuncağı olmaqda davam edəcək. Bu halda bizim kifayət qədər gücümüz və istəyimiz var ki, bütün tarixi ərazilərimizdə yurisdiksiyamızı bərpa edək. Bakıdakı “Hərbi qənimətlər parkı”nda və onun ətrafında da yeni hərbi qənimətləri qəbul etmək üçün kifayət qədər ərazi var! Dəmir yumruq da ki, düzgün istiqamətdə zərbə endirməyə hər an hazırdır!

Xəyal Bəşirov
"Siyasi və hüquqi strateji araşdırmalar mərkəzi"nin rəhbəri
Xəbəri paylaş