Newscenter.az.28.04.2021. Düşünürəmki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Zərifə xanımın fəaliyyəti dövründə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.
1977-ci ildə professor Z.Ə.Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Z.Ə.Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur.
Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Bu böyük insan ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır.
İnanın ki, görkəmli elm xadimimiz haqqında hələ danışa biləcəyim olduqca çox hekayələr var. Mən çox fəxr edirəm ki, vətənimiz dünyaya belə zəkalı, gözəl və nurlu insan bəxş etmişdir.
Əfsuslar olsun, Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etdi. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda - atasının məzarı yanında dəfn olunmuşdur. Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bir insanın bu gün aramızda olmamasına inanmaq çox çətindir. Fəqət, görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdır. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Mənim fikrimcə bu cür inanılmaz insanın itkisi bütün Azərbaycan xalqı üçün böyük itkidir!
Eldəniz Səlimov-Milli Məclisin deputatı