Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi buraxılıb



Newscenter.az.30.04.2021. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.

İctimai Birlikdən daxil olan müraciətdə deyilir:

"Əziz həmvətənlər!

2006-cı ildə ictimai birlik kimi qeydiyyata alınmış “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” öz fəaliyyəti dövründə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq azərbaycanlının öz ata-baba yurdlarından qovularaq etnik təmizləməyə, soyqırımına məruz qalması, mədəni və dini irsimizin sistematik şəkildə dağıdılmasının işıqlandırılmasında, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparıb. Bu illər ərzində icma üzvləri ölkə daxilində və kənarda keçirilən çoxsaylı görüşlərdə, səfərlərdə, təşkil olunan konfranslarda həmişə Ermənistanın işğalı nəticəsində azərbaycanlı məcburi köçkünlərin pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasına diqqət çəkib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz heç vaxt öz dədə-baba torpaqlarımıza qayıdacağımıza olan inamımızı itirməmişdik. Biz mütəmadi olaraq sülh şəraitində birgəyaşayış çağırışları etsək də, təəssüf ki, bu çağırışlara Ermənistan və Qarabağın erməni icması tərəfindən müsbət cavab verilməyib.

Nəhayət ki, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağımız işğaldan azad edildi, milyonlarla insanın 30 illik vətən həsrətinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. İşğalçı Ermənistan ordusu darmadığın edilərək torpaqlarımızdan çıxarıldı və bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk edildi. Cənab Prezident həm döyüş meydanında, həm diplomatiyada, həm də informasiya müharibəsində ölkəmizin qalibiyyətini təmin etdi. Uzun illərdir gözlədiyimiz xəyallarımız gerçəkləşdi və Azərbaycan öz əzəli və tarixi hissəsi olan Qarabağa qovuşdu.

Bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.

Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib.

Bundan sonrakı fəaliyyətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik.

Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçün “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasını bəyan edirik".
Xəbəri paylaş