Newscenter.az.6.05.2021. “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartı üzrə uyğunluq sertifikatını alıb.
Newscenter.az-a daxil olan xəbərə görə, cəmiyyət peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standartın tətbiqi məqsədilə 2020-ci ildə dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti ilə əməkdaşlığa başlayıb. 2020-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı SGS-nin təlimlərinə qatılaraq müstəqil audit sertifikatlarını alıb. Cəmiyyətin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti və digər struktur bölmələrində çalışan bu mütəxəssislər İSO 45001:2018 standartının tətbiqinə nəzarət edəcəklər.
SGS tərəfindən 12 fevral 2021-ci il tarixində keçirilmiş son auditin nəticəsi olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İSO 45001:2018 standartının tələblərinə uyğun fəaliyyət göstərmək üçün hazır olduğu və standart üzrə sertifikatın verilməsi təsdiq edilib.
Sağlam iş şəraitinin təmin edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, peşə xəstəlikləri və iş qəzalarının azaldılması, səmərəliliyin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.
Sevinc