Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbinə Xasayeva: "Ulu öndərin azərbaycançılıq ideologiyası bundan sonra da qüdrətli olacaq"



Newscenter.az.7.05.2021. Böyük tarixi şəxsiyyətlər yaşadığı illərdə də, sonrakı dövrlərdə də sonrakı tarixin cığırdaşı olur. Dünyəvi proseslər təsdiqləyir ki, böyük tarixi şəxsiyyətlər tarix yaratmır, tarixin istiqamətini mənsub olduğu xalqın mənafeyinə yönəltməyə də qadirdir. İyirminci əsrin siyasət fenomeni Heydər Əlirza oğlu Əliyev belə tarixi şəxsiyyət idi. Bəşəriyyət duyurdu, görürdü, bilirdi və inanırdı ki, böyük tarixi şəxsiyyətlər ömrünü milli-xəlqi ruhun yaşadılmasına həsr edir. Buna ən bariz nümunə Heydər Əliyev ömrüdür.

Sovet dönəmində də, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da Azərbaycançılıq ideologiyasının cəfakeşi olan Heydər Əliyev böyük tarixi şəxsiyyət idi.

Xüsusi xidmət orqanlarında əməkdaşın amala sədaqətə, geniş dünyagörüşə, kifayət qədər yüksək təfəkkürə, analitik təhlil qabiliyyətinə, möhkəm iradəyə, qətiyyətə, gözəl, səlis nitq qabiliyyətinə, malik olması başlıca şərtlərdən olub. Həm də Sovetlər kimi kəskin ideoloji şəbəkəli dövlətdə: Heydər Əliyev 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində işləyib, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına göndərilib. 1969-cu ilə kimi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işləyib, Komitənin sədri, 1969-cu ildən 1982-ci ilə kimi Azərbaycan KP MK-nın birinci katibi olub. Yaşanılmış illərə bu gündən nəzər salanda aydınlığı ilə görünür ki, belə olduqca mühüm vəzifələrdə işləyən böyük tarixi şəxsiyyət illəri bir amalla ömürləşdirib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu kəlam böyük tarixi şəxsiyyətin özünün də, dövlətçiliyə söykənən ideologiyasının da amalının manifesti olub.

Sovetlər dönəmində müttəfiq respublikada ittifaq miqyaslı sənaye müəssisəsi yaratmaq imperiyanın siyasətinə uyğun gəlmirdi. Belə müəssisəni yaratmaq üçün müttəfiq respublikanın rəhbərinin kifayət qədər böyük nüfuzu, nüfuzla bərabər dönməz məntiqi olmalıydı; Bakıda Elektron Hesablama Maşınları zavodu, Radio-zavod, Ozon zavodu, Məişət Kondisionerləri zavodu yaradıldı. Bunlar müttəfiq respublika üçün o dövrdə böyük və gərəkli iqtisadi tərəqqi idi. Bu tərəqqini yaşanılan tarix böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin azərbaycançılığı kimi yaşatdı. Bu zavodlar gənclərin şəhərə axınında, deməli, təhsil almasında işləyə-işləyə ali, orta ixtisas məktəblərində oxumasında, formalaşmasında, daha geniş dünya görüşünə malik olmasında kifayət qədər əhəmiyyətli oldu. Həm də iqtisadiyyat, müəyyən mənada, maarifçilyi də sürətləndirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ideologiyasının yaşadılmasında mühüm bir mərhələ adlandırmaq olar: Azərbaycanlı gənclərin İttifaqın nüfuzlu universitetlərində təhsil almasını təmin etdi. Bu, Azərbaycan üçün yüksək elmi qabiliyyətə malik kadrlar hazırlığına göstərilən yüksək qayğı kimi, dünya elminə, mədəniyyətinə. incəsənətinə inteqrasiya kimi dəyərləndirməlidir. Bu məzunların sonralar Azərbaycanın elminin, mədəniyyətinin. incəsənətinin inkişafında böyük xidmətləri oldu.
O illərdə sovet ideologiyasının gizlin şaxələrinin hara apardığını duymaq, təxmin etmək çətin olsa da mümkünsüz deyildi; böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. SSRİ hökuməti əyalətdə (müttəfiq respublikalar imperiya üçün əyalət idi!) belə bir məktəbin yaradılmasının qarşısını ala bilmədi. “Naxımov, Suvorov adına ibtidai hərbi məktəblər varsa, buna ehtiyac yoxdur” məntiqi də dahi rəhbərin qətiyyət yüksəkliyini aşa bilmədi. Bu məktəbin Azərbaycanın sonrakı taleyində – müstəqilliyi bərpa olunduqdan sonra, istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə nə kimi əhəmiyyətə malik olduğunu xatıqlatmağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında müstəsna əhəmiyyətə malik olub, indi də belədir.

O illərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin istər ittifaq, istərsə də dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə inteqrasiyası yüksək səviyyədə təmin edilirdi. Böyük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyasının yaşarılığının təntənəsiydi və bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan adlı bir məmləkətin bəşəri dövlət olduğunun təsdiqi idi. Bu təsdiq Heydər Əliyev xalqın ciddi tələbiylə Azərbaycana hakimiyyətə qayıdışından sonra daha şaxəli, daha miqyaslı xarakter aldı: Azərbaycan dünya birliyinə daxil oldu, dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq müqavilə, o cümlədən, “Əsrin müqaviləsi” imzalandı. Respublikada bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, bununla da Azərbaycanın iqtisadi inkişafına əsaslı zəmin yaranmaqla Azərbaycanın beynəlxalq nüfuzunu da yüksəltdi.

Dövlətçilik siyasətinin başlıca mahiyyəti azərbaycançılıq məfkurəsi olan böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev müxtəlif dövlət strukturlarında işləyən vəzifəli şəxslərə rəsmi çıxışlarında da, müsahibələrində də bu məfkurənin tərkib hissələri kimi milli mədəniyyəti, incəsənəti, rəngkarlığı, ədəbiyyatı xalqın, dövlətçiliyə ehtiram səviyyəsində inkişaf etdirilməsini tövsiyə edirdi. Böyük tarixi şəxsiyyətin ömür yolu ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinə qayğısı bütün məmurlara, ictimaiyyətə, bu sıradan gənclərə ən gözəl örnək idi.
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.

Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Ümummilli liderimiz Heydər Əliyev belə deyirdi və ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Azərbaycan gənclərinin birinci forumunda bu barədə danışan ölkə rəhbəri demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da gənclər siyasətini diqqətdə saxladı. Bununla bağlı neçə-neçə sərəncamlar imzaladı. Ulu Öndərin ideoji əsgəri olan gənclər Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini onun arzuladığı səviyyədə sevdi, sevir, sevəcək.

Ulu öndər Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra bu proses daha da dönməzliklə davam etdirildi. Azərbaycanın ədəbiyyat, incəsənət, mədəniyyət tarixində misilsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsi milli mentalitet səviyyəsinə yüksəldildi. Beynəlxlq Qorqudşünaslıq “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunmasının tarixi keçmişə qədərsiz ehtiramın nəticəsi kimi dəyərləndirdi.

Müstəqil Azərbaycanda ordu quruculuğu hərbi nəzəriyyələr əsasında qurulmamışdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra özünümüdafiə batalyonlarının buraxılması, orduda vahid komandanlığın təmin edilməsi ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı oldu. Heydər Əliyev irsinə sədaqət kimi ordu quruculuğu dövlət üçün prioritet məsələlərdən biri kimi həmişə diqqətdə saxlanılır, ordunun maddi-texniki bazası genişləndirilir, silah-sursat arsenalı artırılırdı ki, bunlar da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün tez-tez ön xətdə, səngərlərdə zabit və əsgərlərlə söhbət edir, onlara vacib tövsiyyələr verirdi ki, bunlar da öz təsirini göstərirdi. Ordu quruculuğunda Heydər Əliyev mərhələsi şəxsi heyətin döyüş qabiliyyətinin mənəvi-psixoloji hazırlıqla üzvi şəkildə tamamlanması kimi tarixləşdi.

Digər sahələrdə olduğu kimi ordu quruculuğunda da qlobal islahatlara başlanıldı. Yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Az vaxt ərzində Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. 1994-cü ilin yanvarında ulu öndərin sərkərdəliyi ilə uğurlu Horadiz əməliyyatı keçirildi. Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi, Cəbrayıl rayonunu Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu əməliyyatla qazanılan qələbə ordumuzun döyüş əzmini artırdı, qələbə ruhunu yüksəltdi. Bunlar Azərbaycanda ordu quruculuğunda nizami ordunun formalaşması mərhələsi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ulu öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirməklə Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çatdırdı. Ölkə Prezidentinin dediyi kimi, indi “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Bu uğurlu, qətiyyətli siyasətin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın qüdrətli sərkərdəliyi ilə Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Bu qələbə Ulu Öndərin ideyalarının, onun azərbaycançılığının qələbəsi oldu.
Ulu öndərin azərbaycançılıq ideologiyası bundan sonra da qüdrətli olacaq.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş