Newscenter.az.7.05.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, xüsusi karantin rejiminə əməl olunmaqla keçirilən tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir.
Bildirilib ki, Vətən müharibəsində qazandığımız zəfərimiz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə münaqişə öz ədalətli həllini tapacaq, işğal altındakı torpaqlar azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsi dövründən və ondan sonrakı müddətdə şəhid ailələrinə və qazilərə qayğı tədbirlərində aktiv iştirak etmiş ərazi ilk partiya təşkilatları təltif olunublar.
Ruhiyyə