Newscenter.az.8.05.2021. Milli müstəqillik əldə edildikdən sonra Azərbaycan dünya birliyi ölkələri sırasında öz yerini və rolunu düzgün müəyyən etməyə, milli təhlükəsizliyini qoruyub saxlamağa, beynəlxalq aləmdə etibarlı tərəfdaşlar və strateji müttəfiqlər arayıb tapmağa yönələn xarici siyasət yetirməyə başladı. Düşünülmüş və uzunmüddətli xarakter daşıyan bu siyasətin mühüm istiqamətlərindən biri olaraq inkişaf etmiş qabaqcıl Avropa ölkələri ilə əlaqələrin qurulması çərçivəsində İsveç ilə münasibətlərin yaradılması və möhkəmləndirilməsi mühüm yer tutmuşdur.
İsveç Krallığı Azərbaycanın müstəqilliyini 1992-ci il 16 yanvar tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 8 may tarixində qurulmuşdur.
Azərbaycanın İsveç Krallığında səfirliyi 2008-ci ilin yanvar ayında açılmış, 2013-cü ilin 19 iyun tarixində İsveç Hökuməti Azərbaycanda səfirliyin açılması qərarını qəbul etmiş və İsveç Krallığının səfirliyinin açılışı 2014-cü il 1 mart tarixində baş tutmuşdur.
Ölkəmizin xarici siyasətinin digər uğurları kimi İsveç ilə əlaqələrin qərarlaşması və inkişafı bu gün daha da genişlənməkdədir. Bu işdə ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin xidmətləri böyükdür.
İqtisadi əməkdaşlığın dərinləşməsinin hər iki tərəf üçün faydalı olacağını nəzərə alaraq, ölkələrimiz arasında həm də biznes forumlar və qarşılıqlı səfərlər həyata keçirilir. Əhəmiyyətli səfərlər sırasında İsveç Krallığının Xarici İşlər nazir Karl Bildt və Marqot Vallström, Əmək naziri Sven Otto Littorin, Miqrasiya naziri B.Holberg, Ticarət naziri Eva Byörlinq, İsveç Parlamentinin üzvləri, Azərbaycan
Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Xarici İşlər nazirinin müavini Xələf Xələfovun səfərlərini qeyd etmək olar.
2014-cü ilin iyun ayında ölkəmizdə səfərdə olan Ticarət naziri Eva Byörlinq İsveç şirkətlərinin Azərbaycanda infrastruktur (dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi), səhiyyə, təhsil, ətraf mühit və s. sahələrə sərmayə qoya biləcəyini səsləndirmişdir.
İqtisadi münasibətlərin inkişafı üçün təkan verən digər bir səfər isə 8-9 noyabr 2017-ci il tarixlərində İsveçin Avropa İttifaqı məsələləri və Ticarət nazirinin yanında dövlət katibi Oskar Strenstromun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri olmuşdur.
Hazırda Azərbaycanda İsveçin 26 şirkəti fəaliyyət göstərir. Sənaye, metallurgiya, neft kimyası, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sənayesi, İKT, alternativ enerji və s. sahələri iki ölkə arasında iqtisadi əlaqələrdə prioritet təşkil edir.
İsveç azad bazar münasibətlərinin yaradılması, demokratiyanın inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sülhsevər və bitərəf xarici siyasət sahəsində böyük uğurlar qazanmışdır. Onun bu istiqamətlərdə əldə etdiyi müsbət təcrübə ölkəmizin qarşısında duran müvafiq problemlərin həlli baxımından faydalı görünür. Digər tərəfdən Azərbaycanın əlverişli geosiyasi və geostrateji mövqeyi, zəngin təbii ehtiyatları, müstəqil xarici siyasəti, digər xalqlar ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq əzmi başqa ölkələr kimi İsveçin də milli maraqlarına uyğun gəlir. Müasir dünyada
gedən qloballaşma və digər dərin siyasi proseslər, xalqlar və dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlığın möhkəmlənməsi, demokratikləşmənin milli hüdudlar çərçivəsindən kənara çıxaraq ümumi prosesə çevrilməsi Azərbaycanın İsveç ilə hərtərəfli əməkdaşlığını gələcəkdə də möhkəmləndirilməsini mümkün və zəruri edir.
Eldəniz Səlimov-Milli Məclisin deputatı