Newscenter.az.8.05.2021. 9 May - Faşizm üzərində qələbənin 76-cı ildönümü ərəfəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınında (Respublika Veteranlar Təşkilatı) görüşümüz baş tutdu.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı özünün facebook profilində Milli Məclisin deputatı Şahin Seyidzadə verib. Deputat bildirib ki, Respublika Veteranlar Təşkilatı 1992-ci il may ayının 10-dan fəaliyyət göstərməklə, ölkəmizdə olan veteranların təşkilatlanması və veteran hərəkatında böyük rol oynayır.
"Ümumiyyətlə Azərbaycan xalqı istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlar nümayiş etdirmiş, daima öz mübarizliyi ilə seçilmişdir. Veteranlarımız da məhz bu gün gənc nəslin inkişafında və vətənpərvər ruhda böyüməsində öz müdrikliyi ilə yol göstərir".
Şahin Seyidzadə qeyd edib ki, keçirilən ziyarət zamanı 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmış döyüşlərdə böyük şücaət göstərmiş təşkilat sədri Fatma xanım Səttarova ilə səmimi və maraqlı söhbət baş tutdu:
"3 övlad, 11 nəvə, 25 nəticəsi olan Fatma xanım timsalında yüz minlərlə həmvətənlərimiz Böyük Vətən Müharibəsi dövründə cəbhəyə yollanaraq, həm döyüşlərdə, həm də arxa cəbhədə öz şücaətini göstərmişdir. Həmçinin görüşdə təşkilatın sədr müavini ehtiyatda olan polkovnik, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov ilə olan söhbətimiz xoş təəssüratlarla yadda qaldı".
NEWSCENTER.AZ