Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev ideyalarının Zəfəri



Newscenter.az.8.05.2021. Hadisələrə ən böyük dəyəri zaman özü verir. Bu il dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının 30 illiyi qeyd ediləcək. 30 il zaman baxımından qısa olsa da, uğurların zənginliyi baxımından sanki 100 ilə bərabər yol keçilib. Bu uğurların zirvəsində 30 ilin işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ədalətin bərpası dayanır. Təbii ki, bu uğurumuz da öz növbəsində Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünə, gənclərimizin vətənpərvərlik hisslərinin, torpaq sevgisinin böyüklüyünə, texnoloji proseslərin inkişafına əsaslanır.

Azərbaycanın bugünündən sabahına, müstəqilliyimizin ilk illərinə baxdıqca müstəqillik yolumuzun heç də hamar olmadığını görürük. Azərbaycanın XX əsrin əvvəllərində qazandığı müstəqilliyin ömrü obyektiv səbəblərdən qısa olsa da, bu, xalqımızın istəklərinə mane olmadı, əkəsinə, müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək, müstəqil dövlət kimi dünyaya özünü təqdim etmək arzuları daha da alovlandı və nəhayət, 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının imzalanması ilə dövlət müstəqilliyimiz yenidən bərpa edildi. Bu, xalqımız üçün böyük sevinc, xoşbəxtlik idi.

1992-ci ilin noyabr ayının da gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdığı səbəbsiz qeyd edilmir. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətində dövrün reallıqları daha geniş şəkildə əksini tapmışdır. Belə çətin vəziyyətdə Azərbaycanı xilas edəcək yeganə şəxsin Heydər Əliyev olduğu bildirilirdi. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, belə bir partiya yarandığı təqdirdə Azərbaycanın demokratik inkişafına böyük töhfə verə biləcəyini, bu partiya yaranarsa ona rəhbərlik etməyə hazır olduğunu bildirmişdir. Beləliklə, 1992-ci il noyabrın 21-i Azərbaycanın tarixinə çox mühüm hadisə kimi yazıldı. 1992-ci il noyabr ayının 21 –də təsis konfransını müxtəlif regonlardan olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda milyonların partiyasına çevrildi. Hazırda sıralarında 760 mindən artıq üzvü birləşdirir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Artıq həm ölkəmizin, həm Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsası qoyuldu.

Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev yolu Azərbaynı bu bəlalardan xilas etdi. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin əsas rol oynadığını önə çəkən ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verdi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurları göz önündədir. Azərbaycan enerjl layihələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı.

Müharibə şəraitində yaşayan ölkə üçün diplomatik mübarizədə qələbə, eyni zamanda ordu quruculuğu xüsusi rol oynayır. Azərbaycan diplomatiyası uzun illərdir erməni yalanlarının ifşası istiqamətində ciddi addımlar atır və müsbət nəticələr əldə edilib. Baxmayaraq ki, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır, bu sənədlər illərdir kağız üzərində saralır.

1993-2003-cü illəri tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazan Azərbaycan Heydər Əliyev yolunun işığında daha böyük uğurlara imza atır, zirvələri fəth edir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edilən Heydər Əliyev ideyaları yeni prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Əbəs yerə deyilmir ki, müasir müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verərək, cənab İlham Əliyevi Prezident seçdi. Dövlətimizin başçısı andiçmə mərasimində bir daha bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 17 ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.

Qısa təhlil Heydər Əliyev siyasətinin uğurlarının miqyasının nə qədər geniş olduğunu nümayiş etdirir. Azərbaycan daim möhkəm təməl üzərində qurulan binaya bənzədilir. Binanın mərtəbələrinin sayı artdıqca möhtəşəmliyi daha aydın görünür. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və son 17 ili Azərbaycanın çoxəsrlik tarixinə qələbələr ili kimi yazıb.

Ağalar Vəliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş