Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya ölkəmizin ən iri ticarət partnyoruna çevrilib



Newscenter.az.8.05.2021. Uğurlu xarici siyasət dövlətlər arasındakı uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulması üçün başlıca amillərdəndir. Düzgün strategiya ilə və zamanında qurulmuş belə münasibətlər adətən uzunömürlü və hər iki tərəf üçün faydalı olur. Bu cür əlaqələrimizin olduğu ölkələrdən biri də İtaliyadır.

İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. İtaliya ilə diplomatik münasibətlərimizdə diqqət çəkilməli olan ən önəmli məqamlardan biri isə odur ki, 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə məhz Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.
25-28 sentyabr 1997-ci ildə Ulu Öndər

Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı möhtərəm Heydər Əliyev İtaliya prezidenti, baş naziri və digər hakimiyyət nümayəndələri ilə görüşüb. İtaliya rəhbərləri Azərbaycan Prezidenti ilə söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Bundan sonra fərqli tarixlərdə də iki ölkə arasında görüşlər keçirilib. 1998-2003-cü illərdə bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb.

Bütün qeyd olunanlarla yanaşı, İtaliya ilə xoş iqtisadi-siyasi münasibətlərin əsasında həm də ölkələrimiz və xalqlarımız arasındakı qədim əlaqələr də önəmli yer

tutur. Bu əlaqələrin kökü isə hətta eramızdan əvvələ dayanır. Bakıdan 55 km məsafədə yerləşən Qobustan ərazisindəki qayalar üzərindəki qədim latın yazıları Roma imperiyası legionlarının hələ uzaq keçmişdə Azərbaycan ərazisində olduqlarını sübut edir. Orta əsrlərdə İtaliyadan Azərbaycana çox sayda səyyahlar gəlmişlər. Onların arasında Marko Polonu xüsusilə qeyd etmək olar. Bundan başqa XVI-XVIII əsrlərdə Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında intensiv diplomatik və iqtisadi əlaqələr mövcud olmuşdur. Bu münasibətlərin fonunda 1549-cu ildə Romada Nəsrəddin Tusinin "Təhriri-öqlidis" ("Evklid Başlanğıcının təfsiri")" əsərinin latın dilində tərcüməsi də çap edilmişdir.
Ölkələrimiz arasındakı münasibətlər və onların yüksələn xətlə inkişaf tendensiyası Ulu Öndərin siyasətinə sadiq qalan cənab

Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmişdir.
24-26 fevral 2005-ci il tarixində İtaliya Prezidenti Adzelyo Çampi bildirib ki, İtaliya Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi üçün köməyini əsirgəməyəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev 25-26 noyabr 2008-ci il tarixində İtaliya Baş Naziri Silvio Berluskoninin dəvəti ilə İtaliyada növbəti rəsmi səfərdə olub. Görüşlərdə İtaliya və Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə diplomatik sahə ilə yanaşı İtaliya ilə iqtisadi münasibətlərimiz də zamanla artan templə inkişaf etmişdir. Azərbaycandan xam neft və neft məhsullarının ixracının istiqamətləndiyi əsas ölkə kimi İtaliya ölkəmizin ən iri ticarət partnyoruna çevrilib. İki ölkə

arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. Statistik məlumatlara əsasən, 2003-cü ildən bəri Azərbaycan ixracatının 51,9%-i İtaliyaya istiqamətlənib. İtaliyadan Azərbaycana isə daha çox neft sektoru üçün borular, tütün, dəri məmulatlar, mebel ixrac edilir. Ümumilikdə isə Azərbaycan Respublikası və İtaliya Respublikası arasında 44 sənəd imzalanmışdır.
İtaliya həm də Azərbaycana ən çox humanitar yardım göstərən dövlətlər sırasındadır. Azərbaycanla İtaliya arasında 1 iyun 2005-ci il tarixində imzalanmış humanitar yardım göstərilməsinə dair saziş Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin çətin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilib. Bundan əlavə İtaliya Hökuməti Azərbaycanda fəaliyyət göstərən bir sıra tibbi-sosial yönümlü müəssisələrə yardım göstərib.

Bütün baş verən proseslərin təhlili onu deməyə əsas verir ki, aparılan uğurlu xarici siyasət sayəsində Azərbaycan-İtaliya əlaqələri hələ də yeni-yeni perspektivlər vəd edir. İki ölkə arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək.

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş