Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda Heydər Əliyev adına sərbəst güləş üzrə dostluq turniri keçirilir



Newscenter.az.9.05.2021. 2021-ci ilin may ayının 9-10 tarixlərində Gürcüstanın Kvemo Kartli regionunu əhatə sərbəst güləş üzrə Heydər Əliyev adına dostluq turniri keçirilir.

Newscenter.az xəbər verir ki, ​Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, “SOCAR Georgia” şirkətinin və Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan turnirin 9 may tarixində Marneuli şəhərində açılışı olmuşdur.

​Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə dostluq turnirinin açılış mərasiminin əvvəlində Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənmişdir.

​Daha sonra turnirin açılış nitqini söyləyən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi Seymur İlyaslı Marneulidə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında turnirin ilk dəfə keçirildiyini bildirmişdir. Bu münasibətlə Marneuliyə müxtəlif rayon və kəndlərdən idmançılar gəldiyini, regionda əsl bayram əhval-ruhiyyəsinin yaşandığını qeyd etmişdir.

S.İlyaslı, Ulu Öndər Heydər Əliyevin bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsi, fiziki və zehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərdiyini bildirmişdir. O, məhz Ümummilli Liderin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın üç rəngli bayrağının ən mötəbər beynəlxalq yarışlarda dalğalandığını bildirmişdir.

S.İlyaslı Ulu Öndərin layiqli davamçısı olan dövlətimizin başçısı İlham Əliyevin bütün sahələrlə yanaşı, gənclərin də inkişafı və beynəlxalq idman arenalarında yüksək nəticələr əldə etməsi üçün onların hazırlığı istiqamətində lazımi işlərin görülməsi üçün daim dəstək göstərdiyini bildirmişdir.

Diplomat bu turnirin məhz Marneulidə keçirilməsinin heç də təsadüfi olmadığını, keçirilən hər bir turnirin idman növlərinin inkişafına böyük təkan verdiyini, hər bir turnirdən sonra idman növlərinə kütləvi surətdə axının başladığını vurğulamışdır.

S.İlyaslı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, dünyada yaşayan hər bir azərbaycanlının Prezidentidir. O bildirmişdir ki, Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımızın bugün bu turnirdə iştirak etmək istəyi bizi çox sevindirir, biz istəyirik ki, hər bir soydaşımız, hər bir gənc, hər bir uşaq idmanla məşğul olsun, qələbələr qazansın. O, bu turnirin açılışı münasibətilə idmançılara uğurlar arzulamışdır.

Turnirin açılış mərasimində Gürcüstanın Güləş Federasiyasının Baş hakimi, həmçinin Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan idman bayramının regionda böyük sevinclə qarşılandığını, bu miqyasda tədbirlərin həyata keçirilməsinə görə minnətdar olacaqlarını bildirmişlər.

Qeyd olunmalıdır ki, turnirdə 20-75 kq çəki kateqoriyaları üzrə 16 idman klubunun 150 yaxın idmançısı iştirak edir. Turnirin qalibləri kubok, medallar və sertifikatlar ilə mükafatlanacaqlar. Turnirin təltifetmə mərasimi 10 may 2021-ci il tarixində Marneuli şəhərində yerləşən “AtaHolding” binasının idman zalında keçiriləcəkdir.

Mehman
Xəbəri paylaş