Newscenter.az.9.05.2021. XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.
Hər il Azərbaycanda da 9 May faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Çünki Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır. Respublikada çox az müddət ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.
1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə dünya tarixinin yeni səhifələrinə qızıl hərflərlə yazılmışlar.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi».
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may Qələbə Günü qeyd olunur. Ümummilli lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.
Bu unudulmaz gündə mən də bütün müharibə veteranlarını ürəkdən təbrik edirəm, onlara can sağlığı diləyirəm və şücaətlərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Qələbə bayramınız mübarək!
Eldəniz Səlimov-Milli Məclisin deputatı