Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısından Ermənistana xəbərdarlıq: "Odla oynamasınlar. Bu, onlar üçün özünəqəsddir"



Newscenter.az.10.05.2021. “Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnağarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı jurnalistin “Cənab Prezident, mayın 8-də - Şuşanın işğalı günü Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verdilər və revanşist fikirlər səsləndirdilər. Siz dəfələrlə qeyd etmisiniz ki, əgər onlar revanşist addımlar haqqında düşünsələr, darmadağın ediləcəklər. Bu bəyanata münasibətinizi bilmək istərdik” sualına cavabında deyib.

Dövlət başçısı əlavə edib: “Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.
Xəbəri paylaş