Newscenter.az.11.05.2021. Ölkədə bir çox populist siyasətçilər və siyasi reytinq uğrunda mübarizə aparanlar yeni ittihamedici fikirlər səsləndirirlər. Hakimiyyəti məcburi köçkünləri işğaldan azad edilmiş ərazilərə köçürməməkdə və bu prosesi uzatmaqda ittiham edirlər. Ümumi olaraq iddialar bundan ibarətdir ki, "6 ay keçməsinə baxmayaraq Azərbaycan əslli köçkünlər Qarabağa köçürülmür. Ancaq, rus sülhməramlılarının dəstəyi və iştirakı ilə on minlərlə erməni Xankəndinə köçürülür".
Bu idialar nə qədər doğrudur və əslində real vəziyyət necədir?!
İlk öncə mütləq nəzərə almaq lazımdır ki, 10 noyabr tarixli bəyanat sülh sazişi deyil, atəşkəs razılaşmasıdır. Bu bəyanat hər bir tərəf, xüsusilə də kapitulyasiyaya məcbur edilmiş Ermənistanın üzərinə öhdəliklər qoyur. Həmin öhdəliklərin pozulması və ya ötən il müharibəni başladan təxrbatlara uyğun növbəti addımlar yeni müharibəni istisna etmir. Təbii ki, biz bundan sığorta olunmamışıq. Tərəflər arasında tam sülh müqaviləsi imzalanana və Ermənistanın bizim ərazi bütövlüyümüzü rəsmi şəkildə tanıyana və qəbul edənə qədər vəziyyət belə olacaq. Bu hal baş verənə qədər biz də onlara inanmamalı, onlarla əməkdaşlıq etməməli və ölkə sərhədlərimizi onlara açmamalıyıq.
Növbəti vacib amil işğaldan azad edilən ərazilərin demək olar mütləq əksəriyyəti dağıdılmışdır. Ərazilərin çox böyük hissəsi minalanmışdır. Bu gün dövlətimiz həmin əraziləri özü minalardan təmizləməklə yanaşı, mina xəritələrinin təqdim edilməsi üçün Ermənistana təsir göstərilməsini dünyadan tələb edir. Çox qısa müddət keçməsinə baxmayaraq minalar çoxlu sayda hərbçimizin və mülki insanlarımızın həyatına son qoyub. Belə bir təhlükəli vəziyyətdə o ərazilərdə bərpa işlərinin aparılması belə həyati risk daşısa da, bu işlər mümkün qədər operativ aparılır.
Bəs o zaman, belə bir sual yaranır ki, ermənilər həmin ərazilərə necə qaytarılır?
Nəzərə almaq lazımdır ki, ermənilərin qaytarıldığı Xankəndində heç bir dağıntı baş verməyib və mina yoxdur. Ora aparan yollardakı minaların xəritələri də onları yerləşdirən Ermənistandadır. Çünki, dağıntını edən və mina yerləşdirən Azərbaycan deyil, Ermənistan tərəfidir. Bundan savayı, iqtisadi cəhətdən çökən və böyük ictimai-siyasi təlatümlərin davam etdiyi məğlub Ermənistanda on minlərlə Qarabağ ermənisinin köçkün kimi qalması hakimiyyət üçün ciddi təhlükədir. Bu həm də, vətəndaş qarşıdurmasını labüd edən amillərdən biridir deyə, hakimiyyət hər vəchlə onları köçürməyə tələsir.
Digər ən vacib amillərdən biri də, məğlub Ermənistandakı siyas durumla bağlıdır. Nə qədər Azərbaycandakı 90-cı illərin əvvəlini xatırlatsa da, Ermənistandakı hazırki durumun əsas fərqli tərəfi də var. Onların Azərbaycandakı kimi 1993-cü ildə xalqının tələbi ilə hakimiyyətə gələn və yenicə müharibədə məğlub olan ölkəni toparlayıb güclü mərkəzi dövlət yarada biləcək dahi və təcrübəli lideri yoxdur. Onların təcrübəli "liderləri" var, ancaq cinayət, işğal və soyqırımı törətməklə bağlı təcrübəyə malik olan. Elə buna görə də onların cinayətkar liderləri Ermənistanı məhvə aparacaq əsassız və qeyri-real revanşist şüarlar səsləndirməkdədirlər.
Bəs 20 iyunda keçiriləcək erkən parlament seçkilərində revanşist və cinayətkar Köçəryan və ya onun hansısa tərəfdarı Paşinyana qalib gələrsə nə baş verəcək?!
Ermənilər və Ermənistan üçün nə qədər təhlükəli ssesnari ilə nəticələnsə də, yeni qarşıdurma və hətta müharibə baş verə bilər. Təbii ki, yeni müharibə heç bir halda Ermənistanın lehinə olmayacaq, əksinə Azərbaycan üçün 10 noyabr Bəyanatında həllini tapmayan bəzi problemləri köklü şəkildə həll etmək üçün imkan yaradacaq. Sadəcə bu halda, o ərazilərə köçürülən mülki insanlarımıza görə məsuliyyəti kim daşıyacaq? Bu gün heç bir məntiqə əsaslanmadan insanlarımızı Qarabağa köçürməyi tələb etməklə bağlı populist çıxışlar edən şəxslər, yoxsa dövlət? Təbii ki, dövlət. Bununla da, dövləti və iqtidarı ittiham etmək üçün yeni bir imkan əldə edəcək quvvələr məhz, bu məqsədlə belə canfəaşanlıq etməkdədirlər.
Düşünürəm ki, hər bir halda hazırda erkən parlament seçkilərini və orada kimin hakimiyyətə gələcəyini gözləmək daha doğru addım olardı. Çünki, bizi daha çox maraqandıran Ermənistanda kimin deyil, Azərbaycana münasibətdə hansı siyasi mövqe sərgiləyəcək şəxsin hakimiyyətə gəlməsidir. Təbii ki, heç bir daxili və xarici dətəyi olmayan və siyasi meyitlərdən ibarət olan cinayətkar Qarabağ klanının şansları çox azdır. Ancaq hər bir halda, istənilən sürprizə biz müzəffər ordumuzla və dəmir yumurqla hər an hazır olmalıyıq!
Xəyal Bəşirov
"Siyasi və hüquqi strateji araşdırmalar mərkəzi"nin rəhbəri