Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xurmanın faydaları NƏLƏRDİR?



Newscenter.az.13.05.2021
. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssisinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə tərkibi çoxsaylı vitamin və minerallarla zəngin olan xurmanın orqanizmə faydası haqqındadır.

Ramazan ayında oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılmasında, bədənin enerji dəyərinin yüksək saxlanılmasında xurmanın əhəmiyyətli rolu vardır. Buna səbəb yüksək qidalılıq dəyərinə malik olmasıdır. Qeyd edək ki, bir ədəd quru xurma 20-28 kalori ehtiva edir. Bu dəyişiklik xurmanın növündən asılı olaraq dəyişir. Tərkibi A, K və B qrup vitaminlərlə olduqca zəngindir. Həmçinin xurmanın tərkibində natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur.

Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, eyni zamanda bədənin zərərli bakteriyalardan və mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində olan dəmir mineralının miqdarının çox olması nəticəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralı sayəsində isə qan təzyiqinə qarşı tənzimləyici təsir göstərir.
Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Lifin çoxluğu nəticəsində toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Buna görə də norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsində, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Sadalanan bu faydalı xüsusiyyətinə görə xurmanın xüsusilə də hamilə və süd verən qadınlara da istehlakı tövsiyə olunur. Xurma uşaqlar üçün də ideal qidadır.

NEWSCENTER.AZ
Xəbəri paylaş