Newscenter.az.14.05.2021. Bir neçə gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana, daha dəqiq desək Şuşa şəhərinə səfəri baş tutacaq. Ərdoğan Şuşaya səfər edəcək ilk Türkiyə dövlət başçısı olaraq da tarixə düşəcək. Bu mənada bu səfəri tarixi səfər kimi də dəyərləndirmək olar. Verilən bəzi məlumatlara görə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının, yəni MHP-nin sədri Dövlət Baxçalı da bu səfərdə iştirak etməlidir (Onu da qeyd etmək lazımdır ki, Dövlət Baxçalı və Rəcəb Tayyib Ərdoğan seçkilərə birgə, yəni Respublika ittifaqı halında qatılırlar).
Həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Milliyətçi Hərəkat Partiyanın başçısı Dövlət Baxçalının Şuşaya birgə səfərinin çox böyük önəmi var və bu səfər bəzi böyük dövlətlərə mesaj xarakteri daşıyır. Bu səfər çərçivəsində həmçinin bir neçə obyektin açılışı da gözləniləndir. Bunların sırasında Milliyətçi Hərəkat Partiyasının Şuşada tikdirdiyi məktəb, Türkiyənin Şuşadakı konsulluğu və s. obyektlər də var. Həmçinin gözlənilir ki, bu səfər çərçivəsində tərəflər arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bəzi razılıqlar da ola bilər.
Birincisi, Türkiyə hakimiyyəti bununla açıq şəkildə bildirir ki,qardaş Azərbaycana münasibətdə bizdə iqtidar yaxud müxalifət söhbəti yoxdur.
İkincisi, Türkiyə artıq regionda var və bu varlığı daimidir.
Üçüncüsü, Azərbaycana qarşı olunan təhdidlər həm də Türkiyəyə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilir və Türkiyənin cavabı ən üst səviyyədə olacaq.
Dördüncüsü, Azərbaycan bütün dövlətlərlə dost və strateji müttəfiq ola bilər, amma Türkiyə ilə qardaş dövlətdir.
Görünən odur ki, Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri qaranlıq qalan çox məsələlərin aydınlanmasına kömək edəcək.
Samir Hümbətov-siyasi şərhçi