Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşanın, əsrarəngiz Cıdır düzünün azad nəfəs almasının xoşbəxtliyini yaşadıq



Newscenter.az.14.05.2021. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə mədəniyyət paytaxtımız olan Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının bizlərdə hansı hisslər yaratdığını sözlə ifadə etmək çox çətindir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində səhnədən səsləndirilən möhtəşəm musiqi incilərimiz, əzəmətli Cıdır düzünü öz ağuşuna alan muğamımız, “Qarabağ” şikəstəmiz hər birimizi kövrəltdi, qəlbimiz fərəh, qürur, fəxr hissi ilə çırpındı.

Cənab Prezidentimiz çıxışında “Xarıbülbül” musiqi festivalının Şəhidlərimizin əziz xatirəsinə həsr olunduğunu söylədi. “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir", - deyən dövlətimizin başçısı festival iştirakçılarını və qonaqları Vətən müharibəsində həlak olmuş qəhrəman Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı.

Kövrək duyğular yaşadığım digər bir məqam isə Ümummilli liderimiz Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söyləmiş olduğu fikirləri oldu. “...Arzu edirəm ki, biz Sizinlə birlikdə Şuşaya gedək. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bu iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamımız üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin bulaqları, Kəlbəcərin o İstisusu, biz onlarsız yaşaya bilmərik...”.

Heyranlıq doğuracaq dərəcədə siyasi təcrübəyə malik olmuş ​ Azərbaycan xalqının əfsanəvi liderinin səsyazısını dinləyərkən Ulu öndərimizin nə qədər müdrik, uzaqgörən, təkrarsız bir Şəxsiyyət olduğunu bir daha gördük. ​

Əminəm ki, musiqi festivalını izləyən​ hər bir azərbaycanlı o kövrək, duyğulu hisslərlə yanaşı, həm də qürur və fəxarət hissi yaşadı. Çünki 30 il idi ki, həsrəti ilə yaşadığımız Qarabağımızın, Şuşanın, əsrarəngiz Cıdır düzünün azad nəfəs almasının xoşbəxtliyini yaşadıq, qalib ölkə, qalib xalq olduğumuzun qürurunu bir daha hiss etdik.

29 ildən sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etmiş, əzizlərini və doğmalarını qarşılamış Şuşada görüşmək ümidi ilə...
Şuşa bizimdir! Şuşa Azərbaycandır! ​

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş