Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron Azərbaycana böhtan atır



Newscenter.az.15.05.2021. Emmanuel Makronun Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyəti tam öyrənmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etməsi və bununla bağlı erməni dilində status paylaşması onun dövlət başçısına yaraşmayan, Fransaya başucalığı gətirməyən hərəkətdir. Fransız xalqı Makrona Fransanı bu dərəcədə rəzil etməyə imkan verməməlidir. Bu gün Makron utanmadan Azərbaycana böhtan atır, Azərbaycan dövlətini ittiham edir. Azərbaycan sərhədçilərinin 10 noyabr Bəyanatına əsaslanaraq Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasyasi və delimitasiyasını həyata keçirməsini cənab Makronun guya, Azərbaycanın Ermənistanın ərazisinə daxil olması kimi təqdim etməsi bir tərəfdən bizə qarşı ədalətsizlikdir, digər tərəfdən isə Fransa üçün rüsvayçılıqdır. Qosqoca Fransanın dövlət başçısının bu cür açıq-aşkar yalançılığa yol verməsi dünyanın 5 böyük gücündən, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən biri üçün həqiqətən də ayıbdır.

Dünyanın aparıcı ölkələrindən birinin lideri necə belə rahat-rahat yalan danışa bilir? Keçmiş Qarabağ münaqişəsinin həllində heç bir pozitiv rol oynaya bilməyən Minsk Qrupunun üç həmsədrindən birinin bu cür açıq yalanlara əl atması nə məqsəd güdür? Makron erməni sevgisini bu qədər qabarıq şəkildə ortaya qoymaqla Fransanın bir həmsədr kimi, vasitəçi kimi neytrallığını itirdiyini, bitərəflik prinsiplərini pozduğunu başa düşmürmü? Əlbəttə, başa düşür və qəsdən bu cür təxribatlara gedir. Makron Azərbaycanı təxribata çəkir. Bunun arxasında bir neçə məqsəd dayanır. O, ilk növbədə Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması prosesinin yubadılmasında və gərginliyin artmasında maraqlıdır. Çünki düşünür ki, belədə Fransa həmsədr ölkə kimi “offsayd”dan çıxacaq və onun bölgədə gedən proseslərə müdaxilə etmək imkanları artacaq.

İkincisi, Makron Azərbaycanı qaralamaqla və ittiham etməklə ölkəmizi BMT TŞ-nın hədəfinə gətirmək istəyir. Fransa prezidentinin digər bir məqsədi isə qarşıdan gələn prezident seçkilərində erməni əsilli seçicilərin səsini qazanmaq üçün zəmin hazırlamaqdır.
Ancaq biz Fransa prezidentini bu hədəflərinə nail olmaqdan məhrum etməliyik. Elə etməliyik ki, Fransanın bundan sonra ATƏT-in Minsk qrupunda qalması, həmsədrlik fəaliyyətini davam etdirməsi mümkünsüz olsun. Konkret desək, Fransa həmsədrlik statusundan məhrum edilməlidir. Rəsmi Bakı bununla bağlı BMT və ATƏT qarşısında məsələ qaldırmalıdır. Çünki Fransa prezidenti bu son addımı ilə özünü tamamilə diskreditasiya etdi və ölkəsinin etibarlılıq əmsalını sıfırın altına düşürdü.

ABŞ Dövlət Departamentinin sərhədçilərimizin Laçın rayonunda Ermənistanla dövlət sərhəddinə yerləşdirilməsini “mübahisəli ərazilərdə qoşunların hərəkəti məsuliyyətsiz və təxribat xarakterli addımdır” kimi qiymətləndirməsi də ölkəmizə qarşı ədalətsizlikdən başqa bir şey deyil. Trampdan fərqli olaraq Bayden administrasiyası ermənipərəst mövqeyi ilə diqqəti cəlb edir. Bu da həmsədrlərin neytrallıq prinsipi ilə daban-dabana ziddir. Lakin ümid edirik ki, ABŞ bu mövqeyindən əl çəkəcək və Fransanın səhvlərini təkrarlamayacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş