Newscenter.az.16.05.2021. Azərbaycan müxtəlif xalqların və etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək qaynayıb-qarışdığı ölkədir. Respublikamız etnoqrafik rəngarəngliyi ilə seçilir, ölkəmizdə azərbaycan türkləri ilə bərabər, dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar, ermənilər və digər etnik qruplar vahid bir ailə kimi yaşayırlar. Onların hər biri özlərini azərbaycanlı sayırlar və vahid Azərbaycanın layiqli vətəndaşlarıdır.
Ölkəmizdə yaşayan bütün xalqların mədəni-dini irsi, mənəvi dəyərləri qorunub saxlanılır, dövlət tərəfindən bütün dini konfessiyalara dərin hörmət göstərilir, onların dini abidələri təmir və bərpa olunur. Tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətidir, həyat tərzidir.
Ötən gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Qəbələyə səfəri zamanı Nic qəsəbəsində Müqəddəs Yelisey adına Cotari və Müqəddəs Məryəm Ana kilsələrinə baş çəkmələri, udi xalqının nümayəndələri ilə səmimi söhbətləri
Azərbaycanda digər xalqlara və dini icmalara olan möhtəşəm doğma münasibətin təzahürüdür.
Mehriban xanım Əliyeva 20 ilə yaxındır ki, udi xalqının maddi-mədəniyyət abidələrini bərpa edir, Heydər Əliyev Fondu xeyirxah humanizmini nümayiş etdirir. Fond tərəfindən bərpa olunan Müqəddəs Məryəm Ana kilsəsi də
Mehriban xanımın və Leyla Əliyevanın dini dəyərlərə olan dərin ehtiramının ifadəsidir.
Leyla xanımın təşəbbüsü ilə uçmuş vəziyyətdə olan bu müqəddəs dini məbəd qısa zamanda əvvəlkindən də möhtəşəm vəziyyətə gətirilib. Yüksək keyfiyyətlə bərpa olunan 120-dən çox yaşı olan kilsə udi xalqına olan məhəbbətin, hörmətin təcəssümüdür.
Qarabağın işğaldan azad edilməsi udi xalqının da öz müqəddəs tarixi ünvanlarına – Tuğda, Xudavəngdə, Ağoğlanda öz məbədlərinə qovuşmasına səbəb oldu. Qarabağın əzəli sakinləri olan udilərin bu qədim torpaqlarda zəngin tarixi irsi, memarlıq abidələri, minillik yaşayışlarının yadigarları olan tarixləri vardır, udi xalqına məxsus olan çoxlu məbədlər də var. Erməni vandalları onları dağıdaraq alban-udi məbədlərini özününküləşdirmiş, Qriqoryan kilsəsinə çevirmişdilər. Ancaq heç vaxt tarixi gerçəkliyi, memarlıq abidələrini saxtalaşdırmaq mümkün olmur, Qarabağdakı alban kilsələri öz həqiqi varislərinə qismət oldu. Udi xalqı indi öz qədim dəbə-baba torpaqlarına gedib-gəlirlər. Onlar buna görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdardırlar.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi çox böyük tarixi mirasa malik olan udi xalqı indi azad edilmiş torpaqlarda onlar ibadət edirlər. Bu, Azərbaycanda yaşayan bütün xalqların azad və hərtərəfli yaşayış tərzinin, birliyimizin təcəssümüdür.
Bir neçə gün əvvəl Şuşada keçirilən “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış edərək bu möhtəşəm tədbirə öz milli ənənləri ilə rəngarənglik qatdılar, toleranlığın bir simvolu olduqlarını nümayiş etdirdilər.
Əsrlərdir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Hamı öz doğma Vətənində eyni, bərabər hüquqlara malikdir. O cümlədəm ölkəmizdə yaşayan 30 mindən çox erməni xalqı digər xalqlar kimi eyni hüquqlara sahibdir, müxtəlif sahələrdə çalışır, dövlət vəzifələrində yer tuturlar. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan ermənilərin tarixi irsinə, dini abidələrinə hörmətlə yanaşdı, Cənab Ali Baş Komandanın bəyan etdiyi kimi bizim erməni xalqı ilə problemimiz yoxdur və onların irsinə də hörmətlə yanaşırıq. Bakıda erməni kilsəsi fəaliyyət göstərir, Azərbaycan onu da yüksək səviyyədə təmir edib.
Qarabağda yaşayan ermənilər də yaxın zamanlarda başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq, qurub-yaratmaqdır.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor