Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza hücumla bağlı bəyanat yaydı



Newscenter.az.17.05.2021. Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisidə avarların azərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb.

Newscenter.az-ın səfirliyə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilib ki, 16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilmişdir. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkmiş, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaratmışdırlar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir.

Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan – Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır.

Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir.

Əziz soydaşlar,
Siz həmişə Azərbaycan – Gürcüstan dostluğunun əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirmək istəyir.

Mehman
Xəbəri paylaş