Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan NATO və yaxud KTMT-nin üzvü olarmı?



Newscenter.az.18.05.2021. Azərbaycanın II Qarabağ savaşında qazandığı parlaq qələbədən sonra regionda dəyişən siyasi münasibətlər sistemi bir neçə məsələni gündəmə gətirir. Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərini düşməndən azad etməsi həm diplomatiyanın, həm də ordumuzun uğurunun nəticəsidir.

Baxmayaraq ki, Azərbaycan uzun illərdir Qoşulmama Hərəkatının üzvüdür və hal-hazırda bu təşkilata sədrlik edir, bu müharibədən sonra regionda yaranan yeni siyasi şəraitə görə həm yerli, həm də beynəlxalq ekspertlər arasında bəzi suallar ortaya çıxmağa başladı. Bundan sonrakı mərhələdə Azərbaycan NATO və yaxud KTMT-nin üzvü olarmı? Yaxud başqa bir yol seçərmi?

Təbii ki, Azərbaycanın balanslı xarici siyasət yürütməsi onu bölgədə və dünyada stabil fikirli ölkə kimi tanıtmışdır. Amma bu heç də o demək deyil ki, Azərbaycan hansısa bloka üzv ola bilməz yaxud hansısa ölkə ilə hərbi və müdafiə sahəsində sıx iqtisadi əlaqələr qura bilməz. Hesab edirəm ki, Arbaycanın sözügedən hərbi təşkilatlarla gələcək münasibətlərini qısa şəkildə belə xarakterizə etmək olar.

Azərbaycanın KTMT-ə üzv olması Ermənistanın bu təşkilatda olması və Rusiyanın təşkilatın əsas söz sahibi olması ilə əlaqədar olaraq mümkün görünmür. Baxmayaraq ki, həmin təşkilatda Belarusiya və Qazaxıstan da var. Eyni zamanda Azərbaycanın Belarusiya ilə hərbi və siyasi sahədə əməkdaşlığı mövcuddur.

Azərbaycanın Rusiya ilə qonşu olması, eyni zamanda rus sülhməramlılarının Azərbaycanın Dağlıq Qarabağ regionunda fəaliyyət göstərməsi, həmçinin NATO və Rusiya arasındakı ciddi qarşıdurmanı nəzərə alaraq demək olar ki, onun NATO-ya üzv olması istiqamətində ciddi maneə kimi qəbul edilə bilər. Fikrimcə, burada Gürcüstan və Ukraynanı gözardı etmək olmaz.

Azərbayanın NATO-da ciddi nüfuzu və hərbi-siyasi çəkisi olan qardaş Türkiyə ilə sıx hərbi əməkdaşlığa malik olması onun bu hərbi alyansa üzv olması qədər önəmli amillərdəndir.

Hesab edirəm ki, Azərbaycan dünyada və regionda gedən mövcud siyasi şəraitə uyğun olaraq balanslı siyasətini qorumaq və həmçinin dost və müttəfiq ölkələrlə sıx siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq imkanlarını artırarsa, onun regionda sabit ölkə statusunu qorumasına böyük dəstək ola bilər.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş