Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar var



Newscenter.az.18.05.2021. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara və dəyişikliklərə baxmayaraq hələ də, kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir. Kadr siyasəti hər bir müəssisədə şəxsi heyətin idarə edilməsi vəzifəsidir. Uğurlu kadr siyasətinin reallaşmasının səmərəliliyi istənilən sahədə peşəkarlığı, çevik fəaliyyət qabiliyyətliliyi, peşə fəaliyyəti ilə bağlı istənilən təcavüzə qarşı dayanmaq iradəsi, xidməti vəzifəsinin icrası ilə bağlı real təhlükə yarandıqda vaxtında və düzgün qərar verə bilən, möhkəm mənəvi-əxlaqi və psixoloji durumu ilə fərqlənən işcilərin məsul rəhbər vəzifələrə irəli çəkilmələrini nəzərdə tutur.

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O deyib ki, kadr siyasətinin reallaşdırılması mexanizmləri əsasən subyektiv amillərdən, tərbiyəsindən, təhsilindən, düşüncə tərzindən, ənənələrindən, təcrübələrindən asılıdır:

"Yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Əslində, bu deyilənlər ilk növbədə dövlət qulluğunda çalışanlara şamil edilməlidir. Çünki dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindən biridir və dövlət quruculuğu və ümumiyyətlə, inkişaf proseslərinin avanqardı da məhz dövlət qulluqçuları olmalıdır. İlk növbədə onların kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi sayəsində Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə çataraq yeni innovativ-texnoloji təkamül möcüzəsi sərgiləmək olar".

Hüquqşünas təəssüf hissi ilə qeyd edib ki, bir çox qurumlar prezidentin çağırışlarına baxmayaraq ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmir:

"Səriştəsiz kadrların bir çox qurumlarda rəhbər vəzifə tutması onlara rəqib ola biləcək alternativ kadrları məhv etməsi ilə nəticələnir. Əksər hallarda isə onlar həmin işçiləri daha aşağı vəzifələrdə çalışdırıb, nəzarətdə saxlayaraq onlardan istifadə edirlər. Həmin işçilərin aşkara çıxarılması rəhbərlər üçün əsas itki və qorxu mənbəyi olaraq qalır".

NEWSCENTER.AZ
Xəbəri paylaş