Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramına start verilib



Newscenter.az.19.05.2021. Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) gələcək peşə təhsili menecerləri üçün yeni təlim proqramına başlayıb.

Newscenter.az xəbər verir ki, “Peşə təhsilində Liderlik və İdarəetmə” proqramı 2021-ci ilin iyul ayının ortalarına qədər davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olacaqlar.

Qeyd olunmalıdır ki, 250 müraciətçidən yalnız 25 nəfər 9 həftəlik intensiv proqramda iştirak üçün seçilib. Seçim prosesi müsahibələr də daxil olmaqla 2 mərhələdə baş tutub. Qiymətləndirmə komitəsində PTDA əməkdaşları və layihə mütəxəssisləri yer alıb.

Nəzərdə tutulan təlim kursu 120 saat təşkil edir və 5 modulu əhatə edir. Buraya liderlik, strateji planlaşdırma və idarəetmə, monitorinq və qiymətləndirmə prosesləri, keyfiyyət təminatı sistemləri, maliyyə və inzibati idarəetmə, peşə təhsili sahəsində mövcud qanunvericilik və strateji sənədlərlə iş daxil olmaqla müxtəlif istiqamətlər aiddir. Kursun məqsədi müasir dövrdə peşə təhsil sisteminin tələbləri ilə ayaqlaşmaq üçün iştirakçıları müvafiq bilik və bacarıqlarla təchiz etməkdir.

Proqramın sonunda sessiyaları uğurla başa vuran namizədlər sertifikatla təltif olunacaqlar.

Peşəkar təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə dəstək olmaqdır.
Xəbəri paylaş