Newscenter.az.20.05.2021. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə MQF İctimai Nəzarət Mərkəzinin “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı mövcud problemləri” mövzusunda ictimai müzakirəsi keçirilib.
Newscenter.az xəbər verir ki, müzakirədə bir sıra dövlət qurumları, banklar, sahibkarlar, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib. MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan MQF İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə məlumat verib və ölkəmizdə aktual problemlərdən sayılan bank xidmətləri ilə bağlı məsələnin əhəmiyyətini diqqət mərkəzinə çatdırıb. Daha sonra Azərbaycan Banklar Assosasiyasının sədri Zakir Nuriyev salamlama çıxışını edərək ölkədə bank sektorunun mövcud vəziyyəti və ümumilikdə Azərbaycan Banklar Assosasiyasının fəaliyyəti haqqında məlumat verib. O, vətəndaşların və sahibkarların qarşılaşdıqları möcvud problemləri ilə bağlı təklifləri sistemli formada həllinə nail olunması üçün bu cür müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirib.
Daha sonra “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov məruzə ilə çıxış edərək ölkə iqtisadiyyatının mövcud vəziyyəti barədə geniş informasiyanı iştirakçıların nəzərinə çatdırıb və bank sektorunda vətəndaş cəmiyyətini narahat edən məsələləri haqqında danışıb. Bu tədbirin təşkil olunmasında MQF ilə əməkdaşlıq edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin rəisi Aynur Sabitova salamlama çıxışını edərək nəzərə çatdırıb ki, bu çox əhəmiyyətli konfransdır və bu görüşün nəticəsi olaraq bank sektoru və sahibkarlar arasında konstruktiv dialoq qurulacaq və bir çox bank-maliyyə probleminin həll yollarına dair təkliflər veriləcək. Daha sonra salamlama üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev də öz növbəsində bu tədbiri yüksək qiymətləndirərək qeyd edib ki, vətəndaş cəmiyyəti olaraq məqsəd dövlətimizin hərtərəfli inkişafına nail olmaqdır. Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədr müavini Arif Vəliməmmədov çıxış edərək mövzu ilə əlaqədar öz obyektiv fikirlərini bildirib və sahibkarların kreditlə bağlı istənilən problemlərini operativ həll olunmasına hər zaman hazır olduqlarını qeyd edib.
Tədbirin gedişatında bir sıra dövlət qurumları, bank və QHT nümayəndələri - Ombusdman təsisatının nümayəndəsi Rəşad Novruzov, Bank Ombudsmanın nümayəndəsi Elçin Həsənov, Mərkəzi Bankın nümayəndələri Fuad İsayev və Rüstəm Tahirov, QHT nümayəndələrindən Eyyub Hüseynov, Novella Cəfəroğlu, İlham İsmayılov, Əhməd Qəşəmoğlu, İradə Rizadadə, Qalib Nəbiyev, Ziba Nəbiyeva, Qorxmaz İbrahimli, Ruslan Quliyev, Südabə Məmmədova, Səadət Bənənyarlı, Eynulla Xeyrullayev Vamiq Babayev, Əli Mirzəyev, Əliməmməd Nuriyev və Əhməd Abasbəyli çıxış edərək məsələlərə dair öz təklif və fikirlərini bildirib.
Yekunda Zakir Nuriyev, Aynur Sabitova, Fikrət Yusifov təklif və fikirlərə öz münasibətlərini bildirib. Sonda Rauf Zeyni iştirakçılara öz minnətdarlığını bildirib və vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi naminə bu tədbirlərin davamlı keçiriləcəyini qeyd edib. Bank xidmətləri ilə əlaqədar sahibkarların və vətəndaşların mövcud problemlərinin praktiki həll olunması məqsədilə, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq etmək üçün tədbirdə iştirak edən dövlət qurumları ilə MQF İctimai Nəzarət Mərkəzinin birgə platforma yaradılması və əməkdaşlığın gücləndirilməsi təklif olunub və tədbir iştirakçıları tərəfindən qəbul edilib.
Sevinc