Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Vaksinasiya prosesi sürətləndikcə, yoluxma sayı azaldıqca məhdudiyyətlərin aradan qaldırılması da olacaq



Newscenter.az.20.05.2021. “Bir ay öncəki dövrlə müqayisədə ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət stabilləşməyə doğru gedir. Əgər bu gün yeni yoluxanların sayı 300-400, aktiv xəstələrin sayı isə 8000-9000 nəfər arasıdırsa, bir ay öncə bu rəqəm 1000-1500 yoluxma, 30-32 min aktiv xəstə səviyyəsində idi. Prosesin dinamikası təhlil olunduqda bir daha görürük ki, tətbiq olunan məhdudiyyətlər yoluxmanı azaldıb, vəziyyətin stabilləşməsinə kömək edib. Eyni zamanda, ölkədə 2 milyona yaxın vaksinin vurulması da pandemiyanın mənfi təsirlərinin nəzarətdə saxlanılmasına kömək edib. Lakin unutmamalıyıq ki, COVİD-19 hava-damcı yolu ilə yayılan virusdur və yoluxmanın artıb-azalması birbaşa insanların özündən asılıdır. Vaksinasiya prosesinin getməsi, yoluxmanın aşağı düşməsi insanlarda tam arxayınlıq yaratmamalı, ehtiyat tədbirləri əldən verilməməlidir”. Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, vaksinasiya prosesi sürətləndikcə, yoluxma sayı azaldıqca məhdudiyyətlərin aradan qaldırılması da olacaq: “Söhbət açıq havada maskalardan istifadənin aradan qaldırılmasından, toy, yas mərasimlərinin keçirilməsinə, yay mövsümündə çimərliklərdən istifadəyə icazə verilməsindən və başqa tədbirlərdən gedir. Lakin onu da unutmayaq ki, məhdudiyyətlər aradan qaldırıldıqca insanlarımız daha da məsuliyyətli olmalıdır. Əgər sabah açıq havada maskasız hərəkətə, toy, yas mərasimlərinin keçirilməsinə icazə verilərsə belə, yenə də bu vəziyyətdən sui-istifadə etmək olmaz. Bir daha xatırlatmaq istəyirəm ki, bu virus sürətli yoluxucu və yayılma xüsusiyyətlərinə malik olduğundan ehtiyat tədbirlərini görməzlikdən gəlsək, yenidən vəziyyət pisləşə bilər”.

“O ki qaldı toy və yas mərasimlərinin təşkilinə icazənin verilməsinə və bu mərasimlərim keçirilməsi formasına, ictimai nəqliyyatın tam açılmasına, deməliyəm ki, bu barədə qərarı müvafiq təhlillərdən sonra aidiyyatı qurumlar verəcəklər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, indiki vəziyyətdə bu barədə qərar verilərsə, açıq havada, kütləvi toplaşma olmadan toy və yas mərasimlərini təşkil etmək olar: “Lakin insanlarımız bundan sonra da ehtiyatı əldən verməməlidir. Əvvəllər toy mərasimlərində 400-500, hətta daha çox insan iştirak edirdi. Yas mərasimlərində də bəzən 200-300 insan olurdu. Hazırki vəziyyətdə bu qədər insanın bir yerə toplaşması çox təhlükəli şərait yarada bilər. Ona görə də, ən optimal variant kimi 50-70 nəfər arası mərasimlərin təşkili məqbul ola bilər. Amma bir daha qeyd edim ki, bu barədə qərarı aidiyyatı qurumlar verəcək”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hazırda insanlarımız daha çox vaksinasiyada iştirak haqqında da düşünməlidir: “Dövlət bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirir. Dünyanın bir çox ölkələrində hələ də vaksinasiya başlanmasa da, artıq Azərbaycanda bu proses yüksək səviyyədə təşkil olunub. Ona görə də, vətəndaşlarımız da bu prosesdə aktiv iştirak etməli, özlərinin, ailələrinin, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olunmalıdır. Əgər vaksinasiya prosesində insanlarımızın böyük əksəriyyəti iştirak edərsə, virusa qarşı hər bir insanda immunitet formalaşarsa, o zaman məhdudiyyətlər də tezliklə aradan qalxar, normal həyat geri dönər”.

Ruhiyyə
Xəbəri paylaş