Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Metsamor"un yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir



Newscenter.az.21.05.2021. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” mövzusunda onlayn elmi-texniki konfransda iştirak edib.

Bu barədə Mərkəzdən məlumat verilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın sədrliyi ilə keçirilən konfransda AMEA-nın akademik katibi, akademik Adil Qəribov, AzMİU-nun əməkdaşları və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransda RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Qarabağda su anbarları, filiz yataqları və dövlət əhəmiyyətli iri qurğular tikiləcək ərazilərdə ekoloji-seysmik risklərin kompleks geofiziki-seysmoloji üsullarla tədqiqatı” mövzusunda məruzə edib. RSXM-nin baş direktoru deyib ki, doğma Vətənimizin gözəl guşələrindən biri olan Qarabağ 30 ilə yaxın həsrətdən, nisgildən sonra öz azadlığına qovuşub. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edib. 30 ilə yaxın davam edən işğal, orada erməni vandalları tərəfindən törədilən talanlar, vəhşiliklər, kəndlərin, şəhərlərin viran qoyulması dünyada görünməmiş mənzərəni yaradıb. Dünyanın ən dəhşətli müharibə regionlarında belə dağıntı görünməyib, ən güclü zəlzələlər belə bu cür dağıntı yaratmayıb.

Professor Qurban Yetirmişli bildirib ki, Qarabağın işğalına qədər ərazinin seysmik şəraitinin öyrənilməsi, geoloji-tektonik quruluşunun dəqiqləşdirilməsi, burada dövlət əhəmiyyətli layihələrin seysmik davamlı olması və ərazidə baş verən zəlzələlərin tədqiqi RSXM-nin əsas elmi istiqamətlərdən biri olub. İşğaldan əvvəl bu ərazilərdə RSXM-ə məxsus seysmik stansiyalar fəaliyyət göstərib, ərazinin seysmikliyi yaxından izlənilib. Həmin məlumatlar əsasında ərazinin seysmik aktivlik xəritələri də tərtib edilib. Eyni zamanda ərazidə gərginliyin təsirindən geofiziki sahələrin dəyişməsi izlənilib.

İşğal dövründə RSXM-nin Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyaları işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib. Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələr aparılmayıb. Artıq RSXM-də bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən quraşdırılmasına hazırlıqlar başlanıb.

Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir RSXM-nin seysmik stansiyaları fəaliyyət göstərir. Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa işğaldan azad olunmuş rayonlarımızda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Artıq RSXM-nin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb. Bundan başqa, Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları var. RSXM yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırır. RSXM həmçinin yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcək.

RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli konfrans iştirakçılarının diqqətinə regionun ən böyük real təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyası haqqında fikirlərini də çatdırıb. O, bildirib ki, Ermənistan ərazisində Yerevan şəhərinin və “Metsamor” AES-in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Bu isə “Metsamor” AES-in seysmiklik baxımından çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir.

Daha sonra konfransda “Qarabağ memarlıq irsi - 30 illik əsirlikdən sonra”, “İşğaldan azad olunmuş ərazilərdə su resursları və hidrotexniki qurğular üçün yaranmış risklər”, “İşğaldan azad olunmuş ərazilərdə Humanitar Minatəmizləmə Fəaliyyətləri” və s. mövzularda müzakirələr aparılıb.
Xəbəri paylaş