Newscenter.az.22.05.2021. Bu gün mediada maraqlı informasiya yayılıb. Verilən informasiyaya görə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, "Rusiya türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir. Rusiya "Türk Şurası"na qoşulmağa hazırdır. Başa düşürük bu birlik Türk dilli ölkələr üçün yaradılıb amma bizim də içimizdə tatar, altay, çuvaş, başqır, yakut kimi türk xalqları var. Razılıq olsa qatılmağımızda bir problem olmamalıdır".
Rusiya xarici işlər naziri Sergey Lavrovun belə açıqlama verməsi təsadüfü hesab etmək olmaz. Təbii ki, böyük diplomatik təcrübəyə malik Sergey Lavrovun bu fikri söyləməsinin arxasında bəzi mətləblərin dayandığını demək mümkündür.
Rusiyanın Türk şurasına qoşulmaq istəməyinin arxasında hansı ehtimalların olduğunu analiz etmək istəsək, bir neçə fikrin olduğunu düşünmək olar.
Birincisi, Türk Şurası artıq regional təsir gücünə malik təşkilata çevrilir.
İkincisi, Türk Şurasına daxil olan dövlətlərin çoxu keçmiş SSRİ-nin dağılması nətisində müstəqilliklərini bərpa etmiş ölkələrdir və Rusiya bu ölkələri nəzarətindən kənarda qoymaq niyyətində görünmür.
Üçüncüsü, Türk Şurasına daxil olan dövlətlərin əksəriyyəti yeraltı təbii sərvətlərlə zəngindir. Türkiyənin bu ölkələrlə yaxınlaşmasını Rusiya özü üçün təhdid hesab edir.
Dördüncüsü, Türk Şurasına daxil olan dövlətlər beynəlxalq nəqliyyat qovşağının üzərində yerləşirlər və sözügedən təşkilatın güclənməsi regionda yeni gücün formalaşması deməkdir ki, bu da əsas strateji bölgələrin Rusiya tərəfindən itrilməsinə səbəb ola bilər.
Beşincisi, Türk Şurasından sonra növbəti hədəf Turan ordusu və Türkdilli ölkələr arasında iqtisadi təşkilatın qurulması ola bilər ki, bu da KTMT-nin və Gömrük Birliyinin dağılması dağılması deməkdir. Həmçinin Rusiyanın arzusunda olduğu "Böyük Avrasiya" ideyasının arzu olaraq qalması deməkdir.
Nəhayət, heç kimə sirr deyil ki, Rusiyanın içində 35 milyondan artıq türkdilli xalqların nümayəndələri yaşayır. Bu günə qədər onlar Rusiya Federasiyası daxilində bir subyekt kimi fəaliyyət göstəriblər. Zaman-zaman Rusiyadakı bəzi siyasi elitadan Türk Birliyinin qurulmasına qarşı sərt reaksiyaların da şahidi olmuşuq. Qısa müddət öncə məhz Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun özü və Rusiya Müdafiə Naziri Sergey Şoyqu Turan Ordusunun qurulması ilə bağlı məsələyə sərt reaksiya verərək bildirmişdilər ki, bu ordunun qurulmasına ehtiyac yoxdur. Eyni zamanda Rusiyadakı siyasi müxalifətin bəzi nümayəndələri də Türkdilli dövlətlərin birliyindən narahat olduqlarını bu və ya digər formada dilə gətirmişdilər. Xüsusən də Rusiya Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirnovskinin dilində bu fikirlər daha çox səslənir.
Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Rusiyada bəzi dairələr var ki, Türkdilli dövlətlərin birliyini özlərinə qarşı təhdid kimi qəbul edir. Ona görə də çalışırlar ki, mümkün qədər məsələni mümkün qədər nəzarətdə saxlasınlar.
Samir Hümbətov-siyasi şərhçi