Newscenter.az.23.05.2021. DSK bu ilin dörd ayı ərzində inflyasiyanın illik hesablamada 4% təşkil etdiyini qeyd edib. Maraqlıdır, DSK inflyasiyanı ölçməyi bacarmır, ölçmək istəmir, yoxsa bilərəkdən həqiqəti gizlədir və ya açıqlamaqdan çəkinir?
İnflyasiya səviyyəsini müəyyən etmək üçün məlumdur ki, beynəlxalq təcrübədə “istehlak qiymətləri indeksi” və “topdan qiymət indeksindən” birgə istifadə olunur. Bu indeksləri müəyyən etmək üçün isə bir sıra məhsul və xidmətlərin, əsasən də minimum istehlak zənbilinə daxil olan məhsul və xidmətlərin qiymətləri əsas götürülür. Bu məhsullar üzrə isə keçən ilin eyni dövrü ilə müqaisədə demək olar ki, kifayət qədər qiymət artımı müşahidə olunub. Minimum istehlak zənbilinə daxil olan ərzaq və qeyri-ərzaq mallarının (məsələn, çörək, kartof, şəkər, yumurta, süd, yağ, bəzi geyim əşyaları, dərman preparatları, kommunal xidmətlər və s.) qiymətlərinə nəzər salsaq 15-25%, hətda bəzi mallarda 35-50% qiymət artımını görə bilərik. Məsələn, keçən il 7,80 manat olan duru yağlar hazırda 10,55 manata satılır, şəkər tozunun 1 kq-nın qiyməti keçən il 0,80 manat idisə hazırda 1,20 manatdır. Göründüyü kimi, yağlarda 35,2% , şəkərdə 50% qiymət artımı baş verib. Mən yalnız iki məhsulu qeyd etdim.
Maraqlıdır, DSK hesabatlarında hansı məhsullardakı qiymət dəyişikliyini əsas götürür? Bəlkə, qiymətində dəyişiklik olmayan, lüx sayılan məhsullar üzrə hesabat aparır? Ümumiyyətlə DSK-nın inflyasiya hesablamasında minimum istehlak zənbilinə daxil olan qida məhsullarının çəkisi nə qədərdir? Belə bir aşagı inflyasiya göstəricisinin real olması üçün ya zəruri istifadə edilməyən məhsullar üzrə hesabat aparılmalıdır, ya da ki, istehlakçı vərdişlərində dəyişiklik baş verməlidir.
Əgər DSK hesabat üçün "qızıl balıq", "qara kürü", "hisə verilmiş nərə balığı", "burbon şərabı" və s. kimi bu qəbildən məhsulların qiymətlərini əsas götürürsə 4%-lik inflyasiya həddi ilə razılaşmaq olar. Məsələn, hazırda İslandiyadan idxal olunan "Syomqa" (qızıl balıq) balığının 1 kq-nın qiyməti 23-25 AZN, 1 kq filenin qiyməti 28-30 AZN, "qara kürü"nün 100 qr-nın qiyməti 80-140 AZN, hisə verilmiş "Losos" balığının 1 kq-nın qiyməti 51 AZN-dir. Qeyd etdiyim məhsulların qiymətində keçən ilin eyni dövrü ilə müqaisədə nəzərə çarpacaq artım olmayıb.
İkinci versiya, istehlakçı vərdişlərində dəyişikliyin baş verməsidir. Yəni, vətəndaşın xərclərində qidanın payı azalmalı, digər məsələn, lüx məhsullara olan tələb artmalıdır. Məlumdur ki, iki ilə yaxındır ölkədə davam edən pandemiya səbəbindən bir çox insan işini itirdi, işini itirməyənlərin əksəriyyətinin isə gəlirlərində azalma baş verdi. Belə olan halda, vətəndaşın gəlirinin böyük hissəsi qidayamı, yoxsa lüx məhsullaramı yönələcək? 2021-ci ilin ilk iki ayı üzrə Azərbaycan əhalisinin gəlirlərinin xərcləndiyi əsas istiqamətlər üzrə DSK-nin hesabatına nəzər salsaq, gəlirlərin 46,9%-nin qida məhsullarına, 6,3%-nin içki və tütün məmulatlarına, 16%-nin geyim və ayaqqabıya, 16,7%-nin isə “digər mallara” sərf olunduğunu görə bilərik. Elə məhz DSK-nin öz hesabatında orta statistik vətəndaşın gəlirinin yarısının qidaya ayrıldığını müşahidə etmək olur, yəni, heç bir istehlak vərdişinin dəyişməsindən söhbət gedə bilməz.
Artıq dünyada illik deyil, aylıq və hətda gündəlik qiymət dəyişikliyi üzrə hesabatlar aparılır. Yoxsa, “keçən ilin müvafiq dövrü ilə müqaisə” tam olaraq həqiqəti əks etdirmir. Dolayısıyla, aylıq qiymət dəyişiklikləri hesablandıqdan sonra, illik və ya rüblük ortalama qiymət dəyişikliyi müəyyən edilməlidir. Məsələn, keçən ilin may ayında aldığımız hər hansı bir zəruri qida məhsulunu bir də bu ilin may ayında almırıq axı, həmin məhsulu hər ay, hətda hər gün istehlak edirik. Belə olan halda, 12 aylıq dövrdə baş verən bütün qiymət dəyişikliklərinin ortalamasına baxmaq tələb olunur və bu formada vətəndaşın büdcəsinin necə təsirə məruz qaldığını görmək olar.
Vüsalə Əhmədova-iqtisadçı ekspert