
"Ermənilər faktiki olaraq Xankəndini və digər əraziləri terror yuvasına çevirmişdi. Bununla bağlı Bakı qarantör ölkə kimi Rusiyanı və Ermənistanı dəfələrlə xəbərdar etmişdi. Eyni zamanda razılaşmanın şərtlərinin yerinə yetirilməsini və erməni silahlı birləşməsinin ərazidən çıxarılmasını tələb etmişdi. Lakin bütün bunlara məhəl qoyulmurdu. 19 sentyabrda Xocavənd rayonu ərazisində erməni terrorçularının quraşdırdığı minanın partlaması nəticəsində 9 polisin şəhid olması Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Azərbaycan Konstitusiya quruluşunu tam bərpa və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam edən bu əməliyyatda Qarabağda qalan erməni silahlı tör-töküntüləri və terrorçu dəstələr darmadağın edildi, tərkisilah olundu. Beləliklə, Azərbaycan Konstitusiya quruluşunu və suveren hüquqlarını bütünlükdə bərpa etdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əli Orucov Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatını şərtləndirən amillərdən danışarkən səsləndirib. O bildirib ki, 19-20 sentyabrda həyata keçirilən uğurlu antiterror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş peşəkarlığını, əzmkarlığını və gücünü bir daha dünyaya nümayiş etdirdi:
"Erməni silahlı birləşmələrinin sıradan çıxarılmasından və Qarabağdakı əraziləri tərk etməsindən sonra Xankəndində məskunlaşmış separtist xunta rejimi özünü buraxdı və tarixin zibilliyinə gömüldü".
Əli Orucov deyib ki, 23 saatlıq antiterror əməliyyatı tarixi və siyasi əhəmiyyətə malikdir:
"Bu qələbə imkan verdi ki, Azərbaycan Qarabağ iqtisadi rayonuni inkişaf edən və çiçəklənən bölgəyə çevirsin. Bu gün Xankəndində və Şuşada ən mötəbər tədbirlər keçirilir ən yüksək səviyyəli qonaqlar qəbul edilir. Xankəndi şəhərinin mərkəzi meydanında Prezident İlham Əliyevin üçrəngli Ay-ulduzlu bayrağımızın ucaltması çağdaş şanlı tariximizin daha bir qürurverici mənzərəsi oldu".
Süleyman