Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan bayrağının Qarabağda dalğalanması dövlətimizin qüdrətini nümayiş etdirir



Newscenter.az.9.11.2021. “Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir dövlət rəmzi olub, müharibələr zamanı öndə aparılan, Vətən uğrunda şəhid olanların nəşi, məzarı üzərinə salınan müqəddəs atributdur. Müasir dövrdə bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını da göstərir. Biz azərbaycanlılar da xoşbəxtik ki, bizim də bayrağımız və güclü dövlətçiliyimiz var. Elə bu gün Azərbaycan bayrağının Qarabağda, Şərqi Zəngəzurda dalğalanması da bir daha dövlətimizin qüdrətini, xalqımızın ucalığını nümayiş etdirir”.

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan bayrağı üzərindəki, göy, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir: “Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin bölgəyə olan marağını artırıb. Ona görə də, Azərbaycan böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə və zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. Bu mənada, Azərbaycanın üçrəngli bayrağı da ilk dəfə, məhz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilib. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olub. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir”.

“70 il Azərbaycan Sovet imperiyasının ideyalarını əks etdirən bayraq altında yaşayıb. Bu müddət ərzində Azərbaycan üçün 6 cür bayraq təyin etmişdilər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Xalq Cümhuriyyətinin bayrağı, ilk dəfə rəsmi olaraq, salona gətirilib və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan olunub:

“1991-ci ildə xalqın tələbi ilə Ali Sovet "Dövlət Bayrağı haqqında" Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikası özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəzmlərini, eləcə də, bayrağını qəbul etdi. Hər bir azərbaycanlı milli həmrəyliyin ifadəsi olaraq, bu bayraq ətrafında sıx birləşdi. Bu gün Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən, milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu mənada, özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, bayrağımız önündə Ümummilli Lider Heydər Əliyev, Onun əsasını qoyduğu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyev baş əyərək, and içib: “Bu gün böyük iftixarla öpüb altından keçdiyimiz üçrəngli bayrağımız xalqımız üçün arzu olub. Bu səbəbdən bayrağımıza, dövlətçiliyimizə sadiqliyimizi heç zaman unutmayaq. Çünki bayraqları bayraq edən üstündəki qandır. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün ən azından həyatda ikən bayrağımızın yüksək zirvələrə daşınması naminə işlər görməliyik. Status və vəzifəmizdən asılı olmayaraq, bayrağımızı şərəfimiz və qürurumuz bilib, onun daim yüksəklərdə dalğalanması üçün çalışmalıyıq”.


Ruhiyyə
Xəbəri paylaş