
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri həm siyasi, həm də ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, bu səfər həm də regional əməkdaşlığın gücləndirilməsinə və beynəlxalq platformalarda birgə mövqelərin formalaşdırılmasına xidmət edir:
“Azərbaycan və Qazaxıstan ortaq tarixi, dini və mədəni köklərə malik türkdilli dövlətlərdir. Dövlət başçısının Qazaxıstana səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirir və bu münasibətlərin uzunmüddətli perspektivini müəyyənləşdirir.
Hər iki ölkə Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür. Bu səfər həm də türk dünyasında siyasi və iqtisadi birliyin inkişafına mühüm töhfə verir”.
İlham Məmmədov Bakı ilə Astana arasında enerji, nəqliyyat, loqistika sahəsində yaxın əməkdaşlıq mövcuddur və bu kimi yüksək səviyyəli səfərlər və imzalanan sənədlər qeyd edilən istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirir:

“Mərkəzi Asiya və Cənubi Qafqazda sabitliyin qorunması, transmilli təhlükəsizlik məsələləri, o cümlədən terrorizm, separatizm və ekstremizmlə mübarizə sahəsində birgə mövqelər və təşəbbüslər ön plana çıxır. Səfər bu məsələlərin koordinasiyalı şəkildə həllinə imkan yaradır. Bildiyiniz kimi, Azərbaycan və Qazaxıstan enerji və nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Xüsusilə Transxəzər nəqliyyat dəhlizi və Orta Dəhliz kimi layihələr regional və beynəlxalq ticarətdə əhəmiyyətli yer tutur. Prezidentin səfəri bu strateji layihələrin inkişafına siyasi dəstək verir”.
Millət vəkili, “Bir sözlə, Prezidentin Qazaxıstana dövlət səfəri ikitərəfli və regional səviyyədə siyasi münasibətlərin güclənməsinə xidmət edən mühüm hadisədir. Bu səfər, həmçinin, Türk dünyasında birlik və həmrəyliyin möhkəmlənməsinə, geosiyasi sabitliyin təmin edilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir”,-deyə vurğulayıb.
Süleyman