Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ədliyyəsi yeni tarixi mərhələyə qədəm qoyur



Newscenter.az.16.11.2021. Əminliklə deyə bilərəm ki, ədliyyə orqanları respublikamızda hüququn müxtəlif sahələrini əhatə edən inkişaf prosesində, eyni zamanda, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə müstəsna yer tutur.
1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt - nazirliyin əsasnaməsi təsdiq olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə isə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ölkəmizdə ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması ulu öndər Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdən başlayıb. Danılmaz faktdır ki, müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə bütün sahələrdə geniş vüsət alan islahatlar ədliyyə və məhkəmə orqanlarını da tam şəkildə əhatə edib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.

Azərbaycan ədliyyəsinin inkişafı üçün həyata keçirilən islahatlar bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son 18 ildə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq artıb, vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ədliyyə orqanlarında, o cümlədən məhkəmələrdə müasir texnologiyalar tətbiq edilərək göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində olduqca vacib işlər görülüb.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, milli dövlətçiliyimizin gücləndirilməsi, məhkəmə-hüquq islahatlarının aparılması, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunub, ədliyyə fəaliyyətinin mükəmməl normativ-hüquqi bazası yaradılıb, ədliyyə işi beynəlxalq normalara uyğunlaşdırılıb, onun üzərinə yeni mühüm vəzifələr qoyulub, gələcək inkişafına dair əhatəli proqramlar qəbul edilib.

Bu gün ədliyyə sistemi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi məhkəmə-hüquq islahatları aparılmaqla müasirləşir və təkmilləşir, yeni-yeni nailiyyətlərə imza atır. Eyni zamanda, Ədliyyə Nazirliyi dövlətimiz və xalqımız üçün taleyüklü məsələlərin həll olduğu dövrlərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək əzmkarlıqla fəaliyyət göstərir, mühüm töhfələr verir.

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ilk ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.

Yaranmasının 103-cü ildönümünü şanlı Zəfərlə eyni ərəfədə qeyd edən Azərbaycan Ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir.

44 gün davam edən Zəfər yürüşü nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun böyük Qələbəsi şanlı tariximizə yazıldı. Müzəffər Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada və azad olunmuş digər ərazilərimizdə dalğalandırmaqla döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi.

Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

Zəfər günlərimizdə xalqımızın dövlətimizlə, ordumuzla həmrəyliyi, Ali Baş Komandanın ətrafında böyük ruh yüksəkliyi ilə birləşməsi, düşmənin günahsız dinc əhalini hədəfə alaraq törətdiyi müharibə cinayətlərinə məruz qalan soydaşlarımızın əzmkarlığı və qorxmazlığı, informasiya savaşında aktivliyin nümayiş olunması xalqımızın yüksək vətənpərvərliyini göstərməklə, həm də Ermənistanın özü haqqında məğlubedilməzlik mifini, dünya erməniliyinin yalan təbliğatını darmadağın etdi.

Vətən müharibəsi ərəfəsində digər dövlət qurumları ilə yanaşı, Ədliyyə Nazirliyinin də nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən xarici həmkarlarına müraciətlər ünvanlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən terror aktlarına və ümumilikdə münaqişəyə dair həqiqətləri dünyaya çatdırması informasiya mübarizəsinə verilən töhfə kimi qiymətləndirilməlidir.

Ermənistanın uzun illərdir ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti, hərbi təxribatları, müharibə və insanlıq əleyhinə cinayətləri barədə mümkün platformalarda beynəlxalq ictimaiyyətin dəqiq və dolğun məlumatlandırılması təmin edilib. Ermənistanın dinc əhaliyə hədəflənən və çoxsaylı günahsız insanların həlak olması və xəsarət alması ilə nəticələnən müharibə cinayətləri hüquqi müstəvidə konkret faktlarla ifşa olunaraq, işğalçının törətdiyi qeyri-insani əməlləri ilə beynəlxalq insan hüquqları və beynəlxalq hüququn normalarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və onların əlavə protokollarının müddəalarını kobud şəkildə pozulduğu barədə digər dövlətlər və beynəlxalq təşkilatlar geniş məlumatlandırılıb.

Xüsusilə vurğulamaq lazımdır ki, müharibədən sonrakı dövrdə dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə yüksək diqqət və qayğısını əsirgəmirlər. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşılması xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.

Qürurla qeyd edə bilərəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş torpaqların əsl sahibləri bu gün oranı dirçəldirlər. Otuz ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən bərpa olunur. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayışın və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır.

Ən müasir tələblərə cavab verən, qısa müddətdə və yüksək keyfiyyətdə inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən edilməsi Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın sürətlə bərpa olunmasının və oraya həyatın yenidən qayıtmasının bariz nümunəsidir. Eyni zamanda, Zəngəzur dəhlizinin bir hissəsi olan böyük avtomobil yolunun təməlinin qoyulması, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq və bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bəxş etdiyi peşə bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsində qeyd etməyə hazırlaşan bir ədliyyə işçisi olaraq dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması naminə bundan sonra da əzmlə çalışacağam.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş