Newscenter.az.16.11.2021. Son bir neçə gündür ki, Ermənistan-Azərbaycan dövlət sərhəddində və rus "sülhməramlıları"nın müvəqqəti dislokasiya edildiyi Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatçıları tərəfində süni gərginlik yenidən artmaqdadır. Bugün isə yayılan məlumatlara əsasən artıq bir neçə yerdə atəşkəs pozulub və tərəflər arasında şiddətli atışmalar gedir.
Hadisələrin belə cərəyan etməsi haqlı olaraq Azərbaycan tərəfində ciddi suallar yaradır. Burada əsas vurğulanan məsələlər sırasında 10 noyabr 2020-ci ildə üçtərəfli formada imzalanmış atəşkəs bəyannaməsinin bəndlərinin, xüsusilə də 4-cü bəndinin icrası niyə həyata keçrib erməni terrorçu ünsürlərini Qarabağ ərazisindən çıxarmaq istəmir? Bu süni gərginliyin yaranmasında münaqişədə özünü vasitəçi kimi göstərməyə çalışan Rusiyanın hansı maraqları var? Ermənistanı bu qədər cəsarətləndirən və Azərbaycana qarşı təxribatlara sövq edən amillər nələrdən ibarətdir?
II Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxmayaraq birmənalı şəkildə demək mümkündür ki, bəyannamənin şərtlərini imzalamış Ermənistan və Rusiya imza atmaqla qəbul etdikləri şərtləri icra etmək niyyətində deyillər. Digər tərəfdən Rusiya üçün Qarabağda gərginliyin davamlı olması maraqlı görünür. Ona görə də baş verən təxribatlara ya göz yumur, yaxud da onun təşkilinə gizli şəkildə dəstək verir. Bir neçə gün öncə ruslar tərəfindən Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilmiş Rusiya sülhməramlıları Xankəndi yaxınlığında provaslav kilsəsi inşa etməsi haqqında Rusiyanın TASS xəbər agentliyində məlumat yerləşdirildi. Provaslav kilsəsi ilə eyni gündə Rusiya sülhməramlıları tərəfindən Xocalı rayonu ərazisində 10 rus məşhurun heykəli də qoyulub. Bu nə deməkdir? Cavab çox sadədir. Rusiya burada sülhməramlı deyil.
Təbii ki, bizim üçün Rusiyanın məqsədinin nədən ibarət olması məlumdur. Ən azından 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli baəyannamədən dərhal sonra müharibə ərzində Qarabağdan Ermənistana getmiş erməniləri yenidən avtobuslara dolduraraq Xankəndi və digər ərazilərə gətirmələri Rusiyanın burada hansı niyyətdə olduğunu açıq göstərir. Rusiya belə süni gərginlikləri bilərəkdə yaradır və onun burada üç əsas məqsədi var.
1. "Sülhməramlıları"na mandat almaq,
2. Hərbi kontingentini artırmaq
3. Belə süni təxribatlarla 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinin icrasını ləngitmək.
Əlbəttə ki, istənilən halda onun bu istəkləri baş tutmayacaq və belə davam edərsə, Azərbaycan 15 iyun 2021-ci il "Şuşa Bəyannaməsi"nin şərtlərinə uyğun olaraq Türkiyənin Azərbaycanda, daha dəqiq desək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hərbi bazalar qurmasını tələb etmək məcburiyyətində qalacaq.
Burada qeyd edilməli digər vacib məqam isə Ermənistanla bağlıdır. Məlumdur ki, II Qarabağ savaşında Ermənistan təqribən 70% ordusunu və silahsursatını itirdi. Bu da o deməkdir ki, Ermənistanın Azərbaycanla döyüşəcək gücü və cəsarəti yoxdur. Əgər bugün erməni terrorçularının əlində silah-sursat varsa, bu məsələnin arxasında Rusiyanın dayandığnı göstərir.
Nəticə olaraq onu qeyd etmək olar ki, bugün də sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Rusiyanın dayandığı ehtimalları daha çox görünür.
Samir Hümbətov-siyasi ekspert