Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır"



Newscenter.az.18.11.2021. Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı çıxış edən Milli Məclsin deputatı Könül Nurullayeva bir sıra məsələlərlə bağlı fikir və təkliflərini səsləndirib. Deputat əsasdən 3 məsələyə, qanun layihəsinin əsas predmetləri, dövlət büdcəsindən vəsait ayrılmasına ehtiyac duyulan əsas sahələr, eləcə də təmsil etdiyi Nizami rayonundakı mövcud problemlərin həll olunması üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılmasına diqqət çəkib və bu istiqamətində təkliflərini qeyd edib.

Newscenter.az millət vəkilinin sözügedən çıxışını təqdim edir:

“Hörmətli xanım sədr, hörmətli həmkarlar, iclas iştirakçıları və media nümayəndələri!

İlk olaraq qeyd etməliyik ki, təqdim olunan büdcə lahiyəsini 2022-ci ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin yüksəlməsi istiqamətində mühüm addım kimi qiymətləndirməliyik.

İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması, həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradılması, həmçinin İqtisadi və sosial inkişaf konsepsiyasının əsas məqsədləri kimi ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması bu layihənin predmetidir.
Rəqəmlər onu göstərir ki , gələn ilin dövlət büdcəsi ən irihəcmli büdcələrdən biri olacaqdır. Hər il olduğu kimi, yenə də insan kapitalının inkişafına yönəlik siyasətin davam etdirilməsi, biliyə əsaslanan iqtisadiyyatın, təhsilin, sosial müdafiənin və sosial təminatın inkişafına xüsusi diqqət ayırmalıyıq.
Qeyd etmək istərdim ki, ölkəmizdə elm, təhsil, səhiyyə sahəsində işləyənlərin əmək haqqlarının artırılması, əmək haqlarının standartdan çıxaraq xidmətlərə görə təyin edilməsi vacibdir, elmi dərəcə üzrə müavinətlərin həcminin artırılması və elmi dərəcələr üzrə müavinətlərin fərqli proporsiyalar üzrə hesablanması qaydaları yenidən işlənilməlidir.

Sosial evlərin, yataqxanaların və sığınacaq evlərinin sayının artırılması nəzərə çarpacaq səviyyəyə çatdırılmalıdır.
İpoteka kreditlərinin həcminin artırılması, ipoteka əlçatanlığının təmin edilməsi daha da genişləndirilməli, əhalinin aztəminatlı təbəqələri üçün ondan istifadə imkanları mövcud tələbata adekvat olmalıdır”.

Könül Nurullayeva onu da qeyd edib ki, 2022-ci il dövlət büdcəsi layihəsində əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulsa da, bazarda qeyri-sabit qiymət artımı hallarının baş verməsi müəyyən mənada problemlər yaradır. Sosial ödənişlər bu artıma uyğun tənzimlənməlidir6

“Aydındır ki, müşahidə olunan bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır. Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Bazarda baş verən təbii bahalaşmanın qarşısını isə inzibati yolla almaq mümkün deyil. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. #Əməkhaqları, #pensiya, sosial #müavinət və #ödənişlər mümkün qədər artırılmalıdır.

Təhsildə dövlət strategiyasını nəzərə alaraq hesab edirəm ki, elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsait ayrılmalıdır. Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaqla bağlı vəsaitlər ayrılmalıdır”.

Sosial güzəştlərə gəlincə, deputat deyib ki, büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan, yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır. Hesab edirəm ki, 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqlarından azad edilmələri üçün 1-ci və 2-ci dərəcə əlliliyi olan şəxslər üçün nəzərdə tutulmuş vəsaitə uyğun məbləğ ayrılmalıdır:

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır. Əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik yüksək səviyyədə olmalıdır.
Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərimizdə, həmçinin Bakı şəhəri və digər bölgələrimizdə yenidənqurma və inkişaf prosesi davam etməkdədir. Bakı şəhərinin Nizami rayonu ərazisində də yeni yolötürücü qovşaqlar, yollar, yeraltı tunellər, tibb müəssisələri, elektrik yarımstansiyaları tikilmiş, Qarabağ müharibəsi veteranları və şəhid ailələri mənzillərlə təmin olunmuş, yeni infrastruktur layihələr icra olunmaqdadır.

Lakin bununla yanaşı, Nizami rayonu 24 saylı birinci seçki dairəsi ərazisində yaşayan şəxsləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş bir sıra problemlər hələ də qalmaqdadır.

Nizami rayonu Keşlə qəsəbəsində 200-dən çox ailənin yaşadığı P.Fərzəliyev və 50-dən çox ailənin yaşadığı M.Ağayev küçələrinə kanalizasiya xəttinin çəkilməsi, 120-dən çox ailənin yaşadığı A.Mirzəyev, T.Bədəlov, N.Abdullayev küçəsi 4, 15 saylı (Korlar sexi) küçələrində kanalizasiya xətlərinin yenidən qurulmaması sakinləri çox ciddi narahat edir.

Keşlə qəsəbəsi ərazisində H.Əliyev prospekti ilə Babək prospektini əlaqələndirən, M.Ə.Sabir küçəsinin genişləndirilməsi vacibdir.
Nizami rayon C.Naxçıvanski, Rüstəmov, Abbasov, Balakişiyev, Ordubadi küçələrində yerləşən binalarda istilik sistemlərinin bərpa edilməsinə maliyyə vəsaitinin ayrılmasına dair daxil olmuş çoxsaylı müraciətlər əsasında Nizami rayonunda mövcud olan binalarda istilik sistemlərinin bərpa edilməsi zəruridir.

Vaxtı ilə mövcud olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı Tikinti trestinə məxsus, E.Süleymanov küçəsi 137 və 139 saylı binalarının inşası tamamlanmamışdır, lakin istismar edilməkdədir.

Nizami rayonu Keşlə qəsəbəsi D.Aslan küçəsi 2 ünvanında yerləşən, 1966-cı ildən istifadəyə verilmiş 278 saylı Uşaq bağçasının fəaliyyəti əsaslı təmir üçün 15 oktyabr 2019-cu il tarixdən dayandırılmışdır. Sadalanan məsələlərin həlli #maliyyə vəsaitlərinin ayrılmasını zəruri edir. Ümid edirik ki, bu layihə çərçivəsində həmin problemlər də öz həllini tapacaqdır.

Ümumiyyətlə, cənab Baş Nazir Əli Əsədov və digər səlahiyyətli şəxslər tərəfindən seçicilərin müraciətlərinin daim diqqətdə saxlanması və həlli istiqamətində görülən mühüm işlərə görə fürsətdən istifadə edərək təşəkkürümü bildirirəm”.

Ruhiyyə
Xəbəri paylaş