Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöldə fermerlərlə görüş keçirilib

Göygöldə fermerlərlə görüş keçirilib


Təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək. Taxıl sahələrində mövcud durumun dəyərləndirmək, fermerlərin üzxləşdikləri çətinlikləri müəyyənləşdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti bölgələrdə silsilə görüşlər keçirir.

Newscenter.az
xəbər verir ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Hazırda taxıl zəmilərinə gübrə verilməsi başa çatmaq üzrədir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Bu il respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid ən yüksək azot tərkibli gübrədir. Onun tərkibində 46% azot elementi vardır. Karbamid gübrəsi əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir. Karbamid gübrəsinin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir etmiş olur.

Rəfail Quliyev bildirib ki, subsidiyaların ilin əvvəlində verilməsi fermerə dövlətin ayırdığı vəsaiti təsərrüfat işlərinə sərf etməyə yardımçı olur. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi artıq aqrar subsidiyaları ilin əvvəlində fermerlərin kart hesablarına köçürməyə imkan verir. Fermerlər bu imkanlardan yararlanmaq üçün əkdiyi məhsulu vaxtında bəyan etməlidir. Əkinlərin vaxtında bəyanı sahələrdə monitorinqlərin daha tez keçirilməsinə və yekunlaşdırmağa şərait yaradır. 2021/2022-ci payızlıq əkin dövründə ölkə üzrə taxıl əkmiş fermerlərin mütləq əksəriyyəri əkinlərini vaxtında bəyan edərək subsidiyanı ilin əvvəlində almaq imkanı qazanıblar. Artıq 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min manatdan çoxdur.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 oktyabr, 2021-ci il tarixli Fərmanına əsasən, vətəndaşlar plan-ölçü sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin təqdim edərək heç bir rüsum və xidmət haqqı ödəmədən mülkiyyət hüququnu təqsdiqləyən sənəd (çıxarış) ala bilərlər. Əkinlərin bəyanı üçün son tarixə - dekabrın 30-dək çıxarış almamış vətəndaşların subsidiya almaq üçün elektron müraciəti formalaşmır. Kənd Təsərrüfatı Nazirliyi bu amili nəzərə alaraq həmin kateqoriya fermerlərə öz plan ölçü sənədlərini çıxarışla dəyişərək subsidiya almaq üçün müraciət etmək tarixini mayın 31-dək uzadıb. Plan ölçü sənədləri olan fermerlər o sənədləri müvafiq dövlət qurumuna müraciət edərək çıxarışla əvəzlədikdən sonra yeni sənədi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə alt sənəd kimi daxil edə bilərlər. Yeni çıxarışları sistemə daxil edən fermerlərə iyun ayından başlayaraq 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiya ödəniləcək.

Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Analoji formatda növbəti görüşün Goranboy rayonunda keçirilməsi nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş