
Özbəkistanın Nəqliyyat Nazirliyi Zəngəzur dəhlizindən keçən multimodal marşrutların perspektivlərini qiymətləndirib.
Newscenter.az zamon.uz-a istinadən bildirir ki. bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyindəki mənbə bildirib.
Bildirilib ki, Mərkəzi Asiya üçün Zəngəzur dəhlizi Xəzər dənizi və Cənubi Qafqaz ölkələrinin limanları vasitəsilə Türkiyəyə yeni logistik marşrut açacaq. Gələcəkdə bu, regional ticarətin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və Avropa bazarlarına birbaşa çıxışı təmin edəcək.
“Son illər Özbəkistan bütün Avrasiya məkanını əhatə edən yeni quru və multimodal nəqliyyat dəhlizlərinin yaradılması və mövcud olanların müasirləşdirilməsi üçün fəal praktiki addımlar atır”, - mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan və Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yollarının tikintisi perspektivli istiqamətlər olacaq. Bu layihələrin həyata keçirilməsi müasir multimodal marşrutların formalaşmasına imkan verəcək, o cümlədən:
• Şərq-Qərb: Çin - Qırğızıstan - Özbəkistan - Türkmənbaşı (Türkmənistan) / Oktov (Qazaxıstan) - Bakı - Zəngəzur dəhlizi - Naxçıvan - Türkiyə - Avropa;
• Cənub-Qərb: Hind okeanı limanları (Qvadar/Kəraçi) - Pakistan - Əfqanıstan - Özbəkistan - Qazaxıstan - Xəzər dənizi limanları - Azərbaycan - Zəngəzur dəhlizi - Türkiyə - Avropa marşrutları
Qeyd edək ki, təxminən 40-44 km uzunluğunda olan Zəngəzur dəhlizi layihəsi ilk növbədə Ermənistanın Sünik (Meğri) rayonu vasitəsilə Azərbaycanın əsas hissəsi ilə onun anklavı olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin etmək məqsədi daşıyır. Layihənin əsas məqsədi üçüncü ölkələrin ərazisinə daxil olmadan Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqəsini sadələşdirməkdir ki, bu da regional logistika zəncirlərinin səmərəliliyini və etibarlılığını artıracaq.
Süleyman