“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik ətrafında müzakirələr davam edir. Bəs görəsən bu dəyişikliklər əmək pensiyaçıları üçün müsbət nə vəd edir?
Newscenter.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov qanuna dəyişiklikləri belə şərh edib:
47 maddəlik bu qanunun 10 maddəsinə bu və ya digər dəyişiklik olunur ki, bu dəyişikkilərin də ümumi sayı 40-a çatır. Lakin bunlardan təxminən bəziləri daha çox diqqəti cəlb edir. Burada pensiyanın bir növündən digərinə keçmək, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, pensiyaya çıxma şərtlərinin nisbətən sadələşdirilməsi, sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi və digər dəyişiklilər nəzərdə tutulur.
Maddələr üzrə detallara getsək, daha ciddi dəyişiklik 9-cu,18-ci və 37-ci maddələrdə edilir.
9-cu maddəyə edilən dəyişlik görə:
• Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verir.
• Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı ilə yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyasına çıxması nəzərdə tutulur.
• Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verilir
• Hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər və ali zabit heyətinə aid şəxslər üzrə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanacaq. Halbuki, mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
Ən ciddi dəyişikliklərdən biri, bəlkə də birincisi 18-ci maddə üzrə olan dəyişikliklərdir.
Belə ki, ailə üzvlərindən biri öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Sadə dildə desək, həyat yoldaşlarından biri dünyasını dəyişirsə onun pensiyası ailə üzvüləri arasında bölüşdürülür, ailədəki digər yaşa, yaxud əlilliyə görə pensiya alan pensiyaçı isə öz pensiyasını alacaq.
Bu maddəyə digər bir dəyişiklik isə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınmasıdır.
Yəni pensiyaçı ailə başmısı dünyasını dəyişdikdə, lakin ailə pensiya almaq hüququnu bir müddət sonra qazanarsa ortadakı həmin müddət ərzində pensiyanın sığorta hissəsi indeksasiya edilir.
37-ci maddəyə görə isə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır.
Bunu da belə sadə dilə belə tərcümə edək ki, işləyən pensiyaçının yığımi sistem tərəfindən avtomatik olaraq 6 ildən sonra hesablanaraq pensiya məbləğinə əlavə olunacaq. Pensiya ödəniş müddəti isə adi qaydada olduğu kimi 144 ay yox, işlədiyi ayların sayı qədər olacaq. Amma bu da 72 aydan çox ola bilməz.
Digər bir dəyişiklik isə çox uşaqlı analarla bağlıdır. Belə ki, beş və daha çox uşaq dünyaya gətirən və övladlığa (qəyyumluğa) götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxacaqlar. Əvvəl qəyyumluq və övladlığa götürmə yox idi. Ən düzgünü isə bura tərbiyə etməkdən sonra “böyütmək” sözünün əlavə edilməsidir.
Mehman