
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.
Newscenter.az xəbər verir ki, Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.
Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.
Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.
Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində oldu.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.
Dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verildi.
Qeyd edək ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.
Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.
İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.
Prezident İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində oldu.
