Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bərpa və quruculuq işləri ilə bağlı qarşıda duran əsas vəzifələri açıqladı. Eyni zamanda,cənab prezident icrası yaxın vaxtlarda başa çatacaq layihələri diqqətə çatdırdı.
Düşmən işğaldan azad edilmiş digər rayonlarımız kimi Zəngilan rayonunu da tamamilə dağıdıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ağalı kəndində “ağıllı kənd” salınıb. Bu, işğaldan azad edilmiş ərazilərimizdə aparılan və aparılacaq quruculuq işlərinin mahiyyəti və istiqamətləri haqqında bilgilərin başlanğıcıdır. Yollar, infrastrukturlar və s. bu mahiyyəti gözəl tamamlayır.
Zəngilan rayonunda bir-neçə salamat bina qalıb ki, bu binalarda da işğal müddətində Ermənistanın hərbi qulluqçuları yaşayırdı.
Ermənilik təkcə yaşayış binalarını deyil, yaşı yüz illərlə hesablanan tarixi abidələri də darmadağın edib. Bu, vandalizmin, bəşəriliyə düşmənçiliyin təzahürüdür. Hazırda Zəngilan məscidi “Heydər Əliyev Fondu”nun dəstəyi ilə təmir olunur.
Azərbaycan Prezidentinin daxili siyasətinin başlıca istiqamətlərindən biri məcburi köçkünlərin Böyük Qayıdışı prosesidir. Ağalı kəndinin timsalında işğaldan azad edilmiş kəndlərimizin sabahlarını görürürk.
Bu dünyəvi prosesdə təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf başlıca amillərdir. Dövlət prosesin optimal müddətdə başa çatması üçün bütün imkanları, o cümlədən maliyyə vəsaitini tam səfərbər edib.
Dövlətimizin başçısı daha sonra deyib: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.
Azərbaycan Prezidenti Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirildiyini xatırladaraq, hazırda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat xəttinin qurulduğunu, bu il Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini və bu aeroportun çox böyük funksiyalarının olacağını söyləyib.
Zəngilan rayonunun ərazisi beynəlxalq əhəmiyyətinə görə böyük maraq kəsb edir. Ərazidən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək,eyni zamanda beynəlxalq yükdaşımalar üçün yeni imkanlar yaradacaq.
Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Horadizdən Zəngilana qədər dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Bu, Zəfərin davamı kimi aparılmaqdadır.
Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır və gələn il tam istismara hazır olacaq. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Cənab Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, erməni faşizmi işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bunların qarşısı qətiyyətlə alınmaqdadır. Bu qətiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətinin, ordu quruculuğunda aparılan geniş miqyaslı islahatların, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinin, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin nəticəsidir.
Bu inam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışının mahiyyətindən, məzmunundan qaynaqlanır. Xalq bu çıxışı məhz bu qənaətlə oxuyur. Bu çıxış düşüncələrə bu mahiyyəti ilə hopur.
Səbinə Xasayeva-Milli Məclisin deputatı