Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmperiya necə işləyir?!

İmperiya necə işləyir?!


Əslində nəinki bir və ya bir neçə posta yerləşəcək mövzu deyil, hətta bu haqda kitablar yazmaq da yetərli olmaz. Ümumiyyətlə, bizim kimi yeni müstəqil dövlətlərdə mütləq imperiya tarixini, texnologiya və metodologiyasını öyrənən xüsusi institutlar olmalıdır. Əks halda nəinki imperiyanın nə istədiyini, heç özümüzün də nə etməli olduğumuzu tam aydınlaşdıra bilməyəcəyik.

Amma təəssüf ki, əksər postsovet ölkələrdə olduğu kimi, Azərbaycanda da araşdırma, təhlil, tədqiqat kimi həyati əhəmiyyətli işlər heç ən sonuncu məsələlər də deyil. Ona görə də belə mövzularda bütün müzakirələr yalnız sosial media səviyyəsində və formatında aparılır. Onların nəticələri isə hər kəsə bəllidir məncə.

İmperiya siyasətini anlamaq üçün isə onu ən azı əhatəliliyi, dərinliyi və zaman kəsimində dinamikası kimi parametrlər üzrə dəyərləndirə bilməliyik. Başqa sözlə, onun miqyasını. Amma hətta belə dəyərləndirmə də yalnız ümumi mənzərə yarada bilər ki, bu da yetərli deyil. Lakin heç bu da olmadığından bizdə "Rusiya dağılacaq!" tezisi və ya "Rusiya dağılacaqmı?" sualı aktuallıq kəsb edir.

Burda söhbət təkcə Rusiyadan deyil, ümumiyyətlə imperiyalardan gedir. Onların isə hamısı metodoloji və strateji baxımdan aşağı-yuxarı eyni siyasəti yürüdür. Tarixin müxtəlif dönəmlərindən keçmiş imperiyaların bütün dövrlər, o cümlədən də kritik tarixi dönəmlər üçün hazır siyasəti var. Bir növ ölümdən xilas etmə resepti kimi.

Bunu anlamaq üçün elə Rusiya imperiyasının 20-ci əsrdəki 1917 və 1991-ci illərdə baş vermiş iki süqutuna baxmaq kifayət edər. Birinci Dünya Müharibəsindəki məğlubiyyətin ardınca baş verən qanlı süqutdan sonra (1917) imperiyaya cəmi 5 il lazım oldu və 1922-ci ilin dekabrında o, SSRİ adı altında bərpa olundu.

Maraqlıdır, amma heç də təzadlı deyil ki, bu dəfə onu bərpa edən Çar Rusiyasını "xalqlar həbsxanası" adlandıran bolşevik lideri Lenin idi. Sonrası bəllidir. 1991-ci ildə isə parçalanmış SSRİ-nin yerində yaranmış müstəqil dövlətlərə müxtəlif yollarla öz təsirini yayan Rusiya onları mümkün olan format çərçivəsində bir araya gətirdi.

Bunu edən isə Rusiya tarixinin ən liberal lideri sayılan Boris Yeltsin idi. Bu arada qeyd edim ki, heç bugünkü Rusiya liberalları, demokratları da imperiya təfəkküründən çox da uzaq deyillər. Amma bunun səbəbi də təkcə liderlərin baxışında imperialist təfəkkürün dominantlığı deyil, həm də ictimai şüurun imperiya şüuru olmasıdır.

Bu səbəbdən də "imperiya yaşamalıdırmı?" sualı Rusiyanın nə siyasi çevrələri, nə də sadə xalq kütlələri üçün aktual deyil, heç mövcud da deyil və nəhayət, sual da deyil. Bu - aksiomdur, müzakirəsi olmayan mütləq həqiqətdir. Amma bizim kimi ölkələr üçün problem təkcə bunlar deyil, həm də imperiyanın dövlət institutlarıdır.

Daha doğrusu, onların necə işləməsi. Bu, həm də bizim təkcə anlaya bilmədiyimiz yox, həm də anlamaq istəmədiyimiz problemdir. Səbəbi də bəllidir: cəmiyyətdə, ölkədə həmin məsələlərin instutusional səviyyədə öyrənilməsi yoxdur, yalnız mütləq əksəriyyəti arzusunu reallıq kimi təqdim etməyə çalışan ayrı-ayrı fərdlər səviyyəsində spontan müzakirələr mövcuddur.

Belə müzakirələr isə ən yumşaq tərzdə ifadə etdikdə "mənasız deyişmələr" adlandırıla bilər. Başqa cür də ola bilməz, çünki siyasətin institusional səviyyədə öyrənilmədiyi toplumda az qala hamı siyasətşünasdır, amma həm də heç kim siyasətşünas deyil. Nə qədər ziddiyyətli səslənsə də belədir.

Belə reallıqda isə siyası strategiyalar və siyasi planlaşdırma kimi həyati vacib məsələlər haqda danışmağa isə heç ümumiyyətlə dəyməz. Amma elə bu səbəbdən də yuxarıdakı suallara cavab axtarmaqdan daha çox onları qondarmağa üstünlük veririk. Təbii ki, hər kəs öz istəyinin və fantaziyasının imkanları çərçivəsində.

Amma bütün bunlar bizə heç bir halda kömək etmir və edə də bilməz, çünki bu halda sanki özümüzün yaratdığımız paralel dünyada qalmış oluruq. Orda isə bizim məsələlər həll olunmur...

Amma imperiya işləyir və sistemli şəkildə öz siyasətini davam etdiri. Bəli, hətta o dağlanda da siyasəti davam edir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində (1992 ya 1993, dəqiq xatırlamıram) ünlü KGB generallarından biri olmuş, 3 il ərzində xarici kəşfiyyata rəhbərlik etmiş general-leytenant Leonid Şebarşin "Moskovskie novosti" qəzetinə müsahibəsində bunları demişdi: "Bizim bu gün gördüyümüz işlər özünü hələ 30 ildən sonra göstərəcək".

Şebarşinin o zaman nəyi nəzərdə tutduğunu bu gün xülya, dezinformasiya, boşboğazlıq və ya başqa necə istəsək adlandıra bilərik, amma ən düzgünü elə son 30 ildə baş verənləri təhlil etməyə çalışmaq olardı.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş