Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu siyasət yeridən hər bir müstəqil ölkə gəncliyinə xüsusi diqqətlə yanaşır

Uğurlu siyasət yeridən hər bir müstəqil ölkə gəncliyinə xüsusi diqqətlə yanaşır


Gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəklərini qara kölgə altında qoyur.

Narkomaniya elə bir bəladır ki, onun qarşısını bir neçə qurumun köməyi ilə almaq mümkün deyil. uşaqlarımızi və gənclərimiz bu pis vərdişlərdən uzaq etməliyik onları idmana digər peşə vərdiçlərinə yönəltməliyik .

Bu gün düşünülmüş siyasi xəttin ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilməsi sayəsində bu siyasətin aparıcı xətti olan idman da diqqətdən kənarda qalmamış, beynəlxalq səviyyəyə qalxmışdır.

Uğurlu siyasət yeridən hər bir müstəqil ölkə gəncliyinə xüsusi diqqətlə yanaşır. Çünki zamanın sınağından keçib gələn bir həqiqət var ki, xalqın gələcəyi olan gəncləri nə qədər intellektli, sağlam olsa, müstəqilliyin təməli də bir o qədər möhkəm olar. Bu düşüncə tərzi bizə xalqımızın qəhrəmanlıq tarixindən miras olaraq qalmışdır.

Tarixən möhkəm, dözümlü olan, mentalitetinə bağlı xalqımız bu gün də öz gəncliyini eyni ruhda tərbiyə etməlidir. Gənclərimiz vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyələndirilməlidir. Bu ancaq bir halda mümkündür ki, sağlam düşüncəli gənclik yetişdirilsin.

Belə bir məsəl var ki, “Sağlam düşüncə sağlam bədəndə olar”. Özünü tarixən doğrultmuş bu fikri özünə deviz olaraq seçən milli dövlətçiliyimiz, rəhbərliyimiz tərəfindən gənclərin sağlam mühitdə böyüməsi hər zaman diqqətdə saxlanılmışdır.

Bu gün muxtar respublikamızda uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olması üçün lazımi şərait və avadanlıqlar təşkil edilmişdir.
Müasir dövrdə uşaqları tərbiyə etmək, onları pis vərdişlərdən uzaq tutmaq daha çətindir. Onların asudə vaxtlarını səmərəli keçirmələri üçün valideynlər əllərindən gələni etməli, onları daim nəzarətdə saxlamalıdırlar.

Bir az yaşa dolduqdan sonra isə uşağın asudə vaxtının təşkili daha da fərqli və mürəkkəb xarakter alır. Müasir dövrdə uşaqlar asudə vaxtı səmərəsiz keçirməyə daha meyillidirlər. Texnologiyanın inkişafı da bu səmərəsizliyin bir hissəsidir. Heç kəsə sirr deyil ki, internet oyunları uşaqları heç bir öyrədici əhəmiyyəti olmayan, əksinə psixi gərginliyə, hərəkətsizliyə sövq edən və müasir dövrümüzdə gün keçdikcə daha da populyarlaşan məşğuliyyət növünə çevrilməkdədir.

Bütün dövrlər üçün uşaq və yeniyetmələrin asudə vaxtının yaxşı dəyərləndirilməsinin ən ideal vasitəsi idmanla məşğul olmaqdır.
Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda böyümə və inkişaf daha yaxşı olur, aktiv həyat tərzi formalaşır, xəstəliklərlə mübarizədə immun sistemi daha güclü olur, artıq çəki problemi olmur, sümüklər daha yaxşı inkişaf edir, bədənin hərəki sinir sistemi inkişaf edir, diqqətini cəlb etmək xüsusiyyəti formalaşır.

Boş vaxtını idmanla keçirən uşaqlar daha sağlam, ətrafı ilə münasibətdə daha anlayışlı, təvazökar, dostcanlı və s. qabiliyyətlərə malik olurlar.
Uşaqlarımızı müntəzəm idmana alışdırsaq, möhkəm bədənə və gözəl qamətə sahib olacaqlar. Amma hər şey həddində yaxşıdır. Bu, eləcə də idmana aiddir. İdman edərkən, insan özünü çox yormamalıdır. Əgər idmanla düzgün məşğul olunmazsa, sağlamlığa xətər yetirilə bilər.

Ona görə də, idmana bir əyləncə kimi baxmaq lazımdır. Peşəkar idmançılardan fərqli olaraq, biz idmandan həzz almalıyıq, ondan rəqabət vasitəsi kimi istifadə etməməliyik. Ümumilikdə, uşaqların vaxtlarının səmərəli təşkili əsasən valideyn nəzarəti altında olmalıdır. Həmçinin uşaqları istəmədikləri fəaliyyətə məcbur etmək, yaxud sevdiyi fəaliyyətdən uzaq tutmaq düzgün sayılmazdı. Onların sevdikləri fəaliyyətlə məşğul olmalarına köməklik göstərməli, sevdiyi işi görmələrinə mane olmamalı, gələcəyin idmançılarının, rəssamlarının, memarlarının, ustalarının yetişdirilməsinə dəstək olmalıyıq. Övladlarının gizli qabiliyyətlərini üzə çıxarmaqda valideynlərin üzərinə hər zaman böyük məsuliyyət düşür.

Buna görə də, valideynlər çalışmalıdır ki, uşaqların səmərəli fəaliyyətlə məşğul olmaları üçün yaradılan şəraitdən düzgün istifadə etsinlər. Övladının boş vaxtını səmərəli təşkil edən valideyn həm də onun zərərli vərdişlərdən, səmərəsiz fəaliyyətdən uzaq durmasına nail ola bilər.

Güloğlan Cabbarlı-dünya çempionu, hüquqşünas
Xəbəri paylaş