
Azərbaycan məktəblərində şagirdlər və müəllimlər üçün vahid geyim formasının tətbiqi dünyəvilik prinsiplərinə uyğundur və məktəblərdə sosial bərabərsizliyin, ayrı-seçkiliyin qarşısının alınması məqsədi daşıyır. Bu qərarın dini nöqteyi-nəzərdən təhlil olunması, "hicab qadağası" kimi göstərilməsi, dini etiqad azadlığının və təhsil hüququnun məhdudlaşdırılması kimi təqdim olunması kökündən yanlışdır.
Mövcud məsələ ilə bağlı cəmiyyətimizdə ciddi fikir ayrılıqları, müzakirə və mübahisələr gedir. Arqumentlər müxtəlif, səsləndirilən fikirlər bəzi məqamlarda çox təhlükəlidir. Hər birimiz birmənalı olaraq anlamalıyıq ki, Azərbaycan dini dövlət deyil, dünyəvi dövlətdir, din dövlətdən ayrıdır.
Bu gün bəzi qüvvələrin, xüsusilə sosial şəbəkələrdə məktəb formasını bəhanə edərək mitinqə, qarşıdurmaya, itaətsizliyə çağırması açıq-aşkar təxribatdır və dövlətçiliyimizə qarşı yönəlmiş addımdır. Məktəbi, uşağı, təhsili siyasiləşdirmək, 11-15 yaşlı şagirdlərin geyimini dövlətə qarşı bayrağa çevirmək nə dinə xidmətdir, nə də təhsilə. Bu, sadəcə radikal maraqların uşaqlarımızın üzərindən öz gündəmini yürütmək cəhdidir.

Cəmiyyətimiz sağlam düşünməli, dini dövlət ilə dünyəvi dövlətin fərqini ayırd etməlidir. Dünyəvi dövlət dinsiz dövlət demək deyil. Dünyəvi dövlət bütün dinlərə eyni məsafədə duran, heç bir dinin qaydası ilə idarə olunmayan dövlətdir. Azərbaycanda qəbul olunan qərarlar islamofobiya deyil, məhz dünyəviliyin, Konstitusiyamızın tələbidir. İslamofobiya axtaranlar gedib Avropada məscidləri yandıranlara, müsəlmanlara hücum edənlərə baxsınlar. Azərbaycanda heç vaxt məscid bağlanmayıb, əzan susdurulmayıb, oruc, namaz qadağan olunmayıb.
Hicabı ortaya atıb dövləti və hakimiyyəti tənqid edənlərin iç üzü bəllidir. Onların məqsədi din deyil, dövləti dini zəmində qarşıdurmaya çəkməkdir. Bu gün məktəbdə vahid forma tətbiq olunur və bu, hamı üçün keçərlidir. Məktəb dini ibadət yeri deyil, elm və təhsil ocağıdır. Əgər bu gün İslam mənsubları öz dinlərinin qayda-qanunları ilə məktəbə gəlmək istəyirlərsə, o zaman sabah digər dinlərin nümayəndələri olan şagirdlər də öz dinlərinin tələblərinə uyğun geyinib məktəbə gəlməlidirlər. Bu, doğru yanaşma deyil. Əsl dini ayrı-seçkilik məhz budur.
Başqa dinlərə heç bir münasibət bildirməyən, yalnız bir məsələni qabardan insanlar cəmiyyətin bəzi kəsimləri arasında "hicab qadağası" deyib əlində bayraq gəzdirir. Bəs digər dinlər? Azərbaycanda təkcə İslam mənsubları deyil, xristian, yəhudi və digər dinlərə mənsub insanlar yaşayır. Azərbaycan tolerant, multikultural ölkədir. Dövlətimiz bütün dinlərə, bütün məzhəblərə hörmətlə yanaşır, bütün ibadət yerlərinin fəaliyyətinə şərait yaradır.
Dini etiqad azadlığı var və bu azadlıq qorunur, lakin onun yeri dini ibadət yerləridir, məktəb deyil! Məktəbdə hamı bərabərdir. Forma intizamdır, bərabərlikdir, dünyəvilikdir.
Azərbaycan dünyəvi dövlətdir və belə də qalacaq!
Anar Salehoğlu,
İctimai-siyasi fəal











































