Bu gün Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Laçın ərazisində təxribat törədərək, mövqelərimizi atəşə tutmuş və xidmətdə olan əsgərimiz Anar Kazımov şəhid olmuşdur. Ulu Tanrıdan şəhidimizə rəhmətlər diləyirəm.
Artıq davamlı olaraq Azərbaycan – Ermənistan sərhədində və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazimizdə separatçıların davamlı olaraq törətdikləri təxribatlar sözün həqiqi mənasında Azərbaycan Silahlı Qüvvələrinin səbr kasasını doldurmağa başladı. Dəfələrlə ölkə prezidenti Ali Baş Komandan səviyyəsində deyildiyi kimi bütün bu təxribatlar Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaq, onlara güzəşt olmayacaq kimi fikirləri artıq bir daha reallığa çevrilməkdədir.
Son vaxtlar Müdafiə Nazirliyinin verdiyi açıqlamalar əlbəttdə Ermənistan və onun silahlı qüvvələrinin tör-töküntüləri tərəfindən ciddiyə alınmalıydı. Lakin görünən budur ki, onlar sona qədər öz avantürist əməllərindən, işğalçılıq məqsədlərindən və separatçılıq mövqeyindən əl çəkmək niyyətində deyillər.
Qəhrəman əsgər və zabitlərimiz, Azərbaycanın Silahlı Qüvvələrinin başladığı “Qisas” əməliyyatı sona çatdırılmalı və Azərbaycan ərazisində anti-terror əməliyyatı keçirilərək ermənilərin və separatçıların silahlı dəstələri darmadağın edilməli, Rusiyanın sülməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdə də Azərbaycanın suverenliyi təmin olunmalıdır.
Beynəlxalq hüquq normaları 2020-ci ilin noyabrın 10-da Rusiya – Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı Bəyanatın müvafiq müddəaları da bunun üçün kifayət qədər hüquqi əsaslar yaradır.
44 günlük Vətən müharibəsində olduğu kimi indi də hər birimiz, bütün Azərbaycan vətəndaşları dövlətimizlə, silahlı qüvvəllərimizlə və Müzəffər Ali Baş Komandanımızla bərabər olmalı, ermənilər son əsgərinə qədər darmadağın edilməli, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və bütövlükdə bütün ərazilərimizdə Azərbaycanın suverenliyi təmin olunmalıdır.
Fəzail Agamalı,
Millət Vəkili
Ana Vətən Partiyasının sədri