"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Respublikasının səfirliyinin binasına dini radikal qrup tərəfindən edilən hücumu və vandallıq aktını qətiyyətlə pisləyirik. Radikal qrup üzvlərinin səfirliyə hücumu, qanunsuz hərəkətləri və Azərbaycan Respublikasının bayrağı ilə qeyri-etik şəkildə rəftar edilərək yerə atılması Vyana konvensiyasının beynəlxalq prinsipləri ilə tamamilə ziddiyət təşkil edir".
Newscenter.az xəbər verir ki, bu fikirlər Amerika-Azərbaycan Gəncləri İctimai Birliyinin bəyanatında əksiniu tapıb. Bəyanatda qeyd edilir ki, Vyana konvensiyasına qoşulan hər bir dövlət öz ərazisində yerləşən diplomatik nümayəndəliklərin mühafizəsini həyata keçirməli, səfirlik və konsulluq ərazisinə kənar müdaxilələrin qarşısını dərhal almalıdır:
"Bundan başqa məlumdur ki, əksər dövlətlərin xüsusi xidmət orqanlarında və hüquq mühafizə orqanlarında diplomatik nümayəndəliklərin mühafizəsini təşkil edən struktur fəaliyyət göstərir. Qəribə haldır ki, nə Britaniya kəşfiyyat strukturları, nə də hüquq-mühafizə orqanları bu hücumun və vandalizm aktının qarşısını almaq üçün əvvəlcədən heç bir tədbir görməyərək sadəcə olanları seyr etmişlər. Azərbaycanın diplomatik nümayəndəliyinə edilən məlum hücum və yerli hüquq-mühafizə orqanlarının bunu sakit şəkildə müşahidə etməsi Vyana konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Bunu nəzərə alaraq öz narahatçılığımızı bildirir və xarici ölkələrdə diplomatik nümayəndəliklərin muhafizəsinin gücləndirilməsini hər bir ölkənin öhdəliyinə düşən bir vəzifə hesab edirik".
İctimai Birlik ümid edir ki, hər zaman fərqli din və etiqadlara hörmətlə yanaşan və radikalizmə heç zaman yer olmayan Azərbaycan dövlətinin səfirliklərinə bu cür pozucu və radikal qrupların oxşar cəhdləri olarsa, bunun qarşısı dərhal alınacaq.
Mehman