Beynəlxalq Qarabağ Forumu Koordinasiya Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda son bir ayda görülmüş işlərə yekun vurulub, sonrakı aylarda fəaliyyətin təkmilləşdirilməsi formaları haqda təkliflər irəli sürülüb, beynəlxalq aləmin aktual problemləri müzakirə olunub. Koordinasiya Şurasının üzvləri Akif Nağı, Ziya Zakir Acar, Elşən İbrahimov, Sözer Akyıldırım, Kərəm Karabulut, Novruz Novruzov, Gürsoy Solmaz və digərləri Rusiya-Ukrayna müharibəsi, Qarabağa dair razılaşmaların yerinə yetirilməsi kimi məsələlərin müzakirəsində fəal iştirak ediblər.
Newscenter.az xəbər verir ki, toplantıya Rusiyadan qoşulan Elşən İbrahimov neçə vaxtdır ki, sərhədlərin bağlı qalmasının əhali üçün ciddi narahatlıq yaratdığını diqqətə çatdırıb və bu məsələ ciddi müzakirə obyektinə çevrilib. Çünki, eyni hal Azərbaycan-Türkiyə sərhədinin İğdır sahəsində də yaranıb və iki ölkə vətəndaşlarının əlaqələrinə xələl gətirib. Bu məsələnin ciddiliyini diqqətə çatdıran Ziya Zakir Acar (Türkiyə) problemlə səlahiyyətlilərin təcili məşğul olmasını və konkret faktlar üzrə qərarlar verilməsinin vacibliyini bildirib. Ona görə ki, ötən illər ərzində sıx əlaqələr quran bölgə əhalisi arasında ailə üzvlərinin sərhədin digər tərəfində qalması halları var ki, bu da narazılığa səbəb olur.
Toplantı sərhədlərin bağlı qalması probleminin səlahiyyətli şəxslərin diqqətinə çatddırılmasını məqsədəuyğun hesab edib.