Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə növbəti dəfə Cənubi Qafqazdakı durumdan, o cümlədən Ermənistanla diplomatik əlaqələrin bərpasından danışıb. O, Ermənistanla normallaşma prosesinin davam etdiyini, bəzi addımlar atıldığını söyləyib: "Bu, Azərbaycanla koordinasiya şəklində davam edir. Ermanistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır".
Türkiyənin baş diplomatı əvvəllər də bir neçə dəfə bu barədə danışmışdı. Çavuşoğlunun fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan bizim qırmızı xəttimizdir" tezisini daha da gücləndirir.
Çavuşoğlunun açıqlamasında diqqət çəkən məqamlardan biri Bakı ilə Ankara arasındakı koordinasiyalı fəaliyyətlə bağlı İrəvanın narahatlığıdır. Görünür, Ermənistan bunu qəbul istəmir. Lakin Ermənistan başa düşməlidir ki, onun Türkiyə ilə diplomatik münasibətləri yenicə bərpa olunmağa başlayıb. Bakı isə Ankara ilə tarixi qardaşdır.
Ermənistanın Qərblə Rusiya arasında toqquşma yerinə çevrildiyi bir vaxtda Türkiyə ilə diplomatik münasibətlərin bərpası bu dövlət üçün həyati əhəmiyyətlidir. Ankara dəfələrlə bəyan edib ki, münasibətlərin normallaşması tələblərin yerinə yetirilməsindən, o cümlədən konstruktiv regional siyasət yeritməkdən keçir. Deməli, İrəvan Ankara ilə diplomatik münasibətləri bərpa etmək istəyirsə Bakının şərtlərini də yerinə yetirməlidir. Ermənistan 10 noyabr 2020- ci il və 11 yanvar 2021- ci il üçtərəfli razılaşmaların bəzi müddəalarını yerinə yetirməkdə maraqlı deyil. Əks halda erməni terrorçuları çoxdan Qarabağdan çıxardı.
İrəvan, bəlkə də, ümid edir ki, Ankara ilə diplomatik münasibətləri bərpa etdikdən sonra təxribatlarını davam etdirə biləcək. Lakin bu, sadəcə mümkünsüzdür.
İkinci bir tərəfdən Bakı və Ankara qardaşdır. Türkiyə bizim təbii müttəfiqimizdir. Bu mənada iki dövlətin koordinasiyalı fəaliyyət göstərməsi çox normaldır. Əgər İrəvan "bağdan gəlib dağdakını qovmaq" barədə düşünürsə, bu, xam xəyaldır.
Beləliklə, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası istiqamətində atılan hər bir addım bundan sonra da Azərbaycanla razılaşdırılacaq. Əgər Ermənistan Türkiyə ilə əlaqələrdə səmimidirsə, Azərbaycanla münasibətlərdə diqqətli olmalı, provokativ addımlardan çəkinməlidir.
Kənan Novruzov-siyasi ekspert