Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Duqinin qızına qarşı terrorun Rusiya və Türkiyənin yaxınlaşmasını arzulamayan qüvvələr tərəfindən törədildiyi istisna deyil

Duqinin qızına qarşı terrorun Rusiya və Türkiyənin yaxınlaşmasını arzulamayan qüvvələr tərəfindən törədildiyi istisna deyil


“Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi, tanınmış politoloq Aleksandr Duqinin qızı Daria Duqinin ölümü istənilən halda terror hadisəsidir. Hər kəs tərəfindən pislənilməlidir. Belə hadisələrə sevinənləri insan olaraq başa düşmürəm. Onun kimliyindən, şəxsiyyətindən, milliyyətindən, siyasi mövqeyindən, hansı ideyanı daşıdığından asılı olmayaraq, bu, insanlığa, insana qarşı törədilmiş terror aktıdır”.

Newscenter.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat Duqinin qızına qarşı törədilmiş terrorda Ukraynanın günahlandırılmasına da münasibət bildirib: “Dünyada hibrid müharibələri gedir. Rusiya da artıq fevral ayının 24-dən bəri Ukrayna ilə müharibə aparır. Müharibə təkcə cəbhədə, döyüş meydanında deyil, informasiya, psixoloji müstəvidə, xüsusi xidmət orqanları arasında aparılır. Çox təəssüf ki, bəzi hallarda müharibəni aparan insanlar qurşaqdan aşağı zərbə vururlar. Bu, qəbuledilməzdir. Daria Duqin hər şeydən əvvəl bir qadındır, mülki şəxsdir. Daria Duqinin ölümünü, ona qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyirəm. Müxtəlif versiyalar ola bilər. Rəsmi istintaq orqanlarının mövqeyi olmadan heç kim falçılıqla məşğul olmasa, daha yaxşıdır. Hadisəni tədqiq edən, istintaq aparan kifayət qədər peşəkar orqanlar var, onlar bu işlə məşğuldurlar. Gözləyək, inanıram ki, yaxın zamanlarda bu hadisəni törədənlər, cinayətin motivləri bəlli olacaq”.

N.Məhəməliyev Daria Duqinin ölümündə PKK-nın əlinin olması variantını isə belə dəyərləndirib: “Bu variantı kifayət qədər əsaslandırılmış variant kimi qəbul edirəm. Aleksandr Duqinin Rusiya siyasi elitasındakı rolunu, onun Avrasiyaçılıq ideologiyasının daşıyıcısı olduğunu, Rusiya və Türkiyənin yaxınlaşmasında, bu ölkələrin daha da inteqrasiya olunmasında, o cümlədən Avrasiyadakı rolunu nəzərə alaraq deyə bilərik ki, bu terrorun Rusiya və Türkiyənin yaxınlaşmasını arzulamayan qüvvələr tərəfindən törədildiyi istisna deyil. Bu məsələdə PKK-nın, onunla yanaşı addımlayan digər separatçıların, qurumların rolu ola bilər. Eyni zamanda istisna deyil ki, erməni faktoru da burada rolunu oynaya bilər. Bütün bunlar, sadəcə, versiyalardır. Təsdiq olunmasını yaxın zamanlarda görə bilərik. Hesab edirəm, istintaq orqanları cinayətin açılmasına nail olacaqlar”.
Xəbəri paylaş