Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilovun 30 ildir üzərində işlədiyi tarixi ensiklopediya nəhayət, işıq üzü gördü. “Palmali” Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun dəstəyi ilə professorun müəllifi olduğu, türk dünyasının tarixinə olduqca böyük töhvə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq doqquz cilddən ibarət “İslam Türk Tarixi” adlı ensiklopediya İstanbul şəhərində nəşr edildi.
Newscenter.az xəbər verir ki, professor Firudin Cəlilovla görüşündə belə bir fundamental əsəri ərsəyə gətirdiyinə görə təşəkkürünü bildirən Mübariz Mənsimov bildirib ki, Türk dünyasının möhkəmlənməsi, güclənməsi, inkişafı və tandılımasına xidmət edən bu cür fəaliyyətləri dəstəkləmək hər bir iş adamının Vətən qarşısında borcudur:
“Bir alimin mürəkkəbi min şəhid qanına bərabərdir” deyilir müqəddəs dinimizdə. Bu araşdırma, bu əsər Türkiyəyə, Azərbaycana və bütövlükdə bütün türk dünyasına sözün əsl mənasında, qiymətli bir töfhədir və mən inanıram ki, bu əsərdə toplanılmış bilgilər tarix kitablarına salınaraq övladlarımız üçün mükəmməl bir dərs vəsaitinə çevriləcək. Tarixini, keçmişini bilməyənin gələcəyi də sual altında olar. Şanlı türk tarixinə işıq saldığınıza görə sizə hər birimiz minnətdarıq”.
Qeyd edək ki, nəfis tərtibatla işıq üzü görən bu əsər yaxın vaxtlarda həm Azərbaycanda, həm də Türkiyədə elmi ictimaiyyətə təqdim olunacaq. Professor Firudin Cəlilov “İslamöncəsi Türk Tarixi” ensiklopediyası haqqında bunları deyib: “30 ildir Urmu nəzəriyyəsi üzərində işləyirdim. Bu əsər həmin araşdırmaların nəticəsidir. Urmu nəzəriyyəsi türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. Üstəlik, apardığım araşdırmalar nəticəsində əminliklə və qətiyyətlə deyirəm ki, türklərin bu torpaqlarda yerli xalq olaraq 12 min illik bir dövrü əhatə edən tarixi vardır. 30 illik araşdırmalarımın nəticəsində “İslamöncəsi Türk Tarixi” adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı. Bu 9 kitab tarixi mənbələr, tarixi coğrafiya, Yaxın Doğuda qurulan qədim türk dövlətləri, tarixi etnoqrafiya və tarixi onomastika, ədəbiyyat və folklorda tarix, türk dili tarixi, türklərin soykökü şəcərəsi və Urmu nəzəriyyəsi mövzularını əhatə edir”.
Mehman