Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, milyonlarla insanın sevgisini və rəğbətini qazanmış Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində, dövlətçiliyimizin inkişafında, xalqımizin rifah halının daha da yaxşılaşdırılmasında davamlı uğurlar və yeni-yeni nailiyyətlər azrulayıram.
Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki, dünya siyasi liderlik zirvəsinə yetişən nadidə xanımlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, müxtəlif ölkələrin ali ordenləri ilə təltif olunan, YUNESKO və ISESKO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri Mehriban xanım Əliyeva var. Mehriban xanımın bu zamana qədər yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban xanımın timsalında biz Azərbaycanın bu gününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth edib. Mehriban xanımın fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü xeyirxah işləri təsnifatlaşdırmaq qeyri-mümkündür. Hansı sahəyə üz tutmasından asılı olmayaraq, bütün fəaliyyəti ilə dövlət siyasətini tamamlayır, Ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident cənab İlham Əliyevin əzəmətli və möhtəşəm fəaliyyətinə böyük dəstək verir.
Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev fondunun təşkilatçılığı ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən çoxşaxəli və çoxsaylı layihələr nadirliyi, orijinallığı, vətənpərvərliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Azərbaycan həqiqətlərinin, xüsusilə, Xocalı soyqrımı, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktının dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva müstəsna xidmətlər göstərib. Mehriban xanım istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra əhalinin həssas təbəqələrinin, xüsusən də, məcburi köçkünlərin problemlərinin həllinə xeyli vaxt ayırır. Mehriban xanım Birinci vitse-prezident statusunda ilk görüşünü Bakıda və Sumqayıtda yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni evlərə köçürülməsinə həsr etmişdir. Bu görüşdən dərhal sonra müvafiq tədbirlər planı hazırlanmış, real işlərə başlanılmış və qısa müddətdə 300 minə qədər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Nəticədə, 5 923 məcburi köçkün ailəsi, 2019-cu ilin birinci rübündə isə bu kateqoriyaya aid olan daha 2 227 ailə yeni mənzillərə köçürülmüşdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2016-cı ilin aprel döyüşlərində sağlamlığını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilmişdir.
Birinci xanım 44 günlük Vətən müharibəsində Böyük Qələbədən sonra Azərbaycan xalqına müraciətində şanlı Azərbaycan əsgərlərinin qəhrəmanlığından, fədakarlığından və yüksək peşəkarlıq hazırlığından qürur hissi ilə danışmış, eyni zamanda, döyüş əməliyyatlarında həlak olan əsgərlərimizi kədər hissi ilə yad edərək demişdir: "Bu gün şəhidlərimizin ailələri ilə birlikdə yas tuturam, Vətən uğrunda canından keçməyə hazır oğullar böyüdən valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı əbəs yerə tökülmədi - tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Tariximizə əbədi yazılan qələbə! Bu Qələbənin nəyin bahasına qazanıldığını xatırlamaq hər birimizin borcudur! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə əbədi qalacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ailələrinə və yaxınlarına güc və səbir. Qoy Uca Allah Azərbaycanı və Azərbaycan xalqını qorusun!". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işləri nəinki insanların yaddaşında əbədi qalacaq, Vətən tarixinə qızıl hərflərlə yazılacaq, həm də başqalarını xeyirxah işlər görməyə ruhlandıracaq!
Hörmətli Mehriban xanım, doğum günü münasibətilə Sizi bir daha təbrik edir, Uca Tanrının mərhəmət və nəzərinin hər zaman üzərinizdə olmasını arzulayıram. Cənab Prezidentimiz başda olmaqla, Allah Sizi, dövlətimizi, xalqımızı qorusun. Doğum gününüz mübarək olsun.
Daşqın Şikarov-Azərbaycanın BƏƏ-dəki keçmiş səfiri