Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.
Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.
Görüş, çox güman ki, Moskvada baş tutacaq.
Tərəflər sonuncu dəfə iyun ayında bir araya gəlmişdilər. Həmin vaxt Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə etmiş və mövqelərini yaxınlaşdırmışdılar.
Bu dəfəki görüşün də konstruktiv keçəcəyinə inanıram. Xüsusilə ermənilərin Laçından çıxması buna şərait yaradır. Doğrudur, Rusiya nümayəndə heyəti hansısa formada "suları bulandırmağa" çalışa bilər. Amma Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirərsə, bu, həlledici olmayacaq.
Düşünürəm ki, Türkiyə rəsmilərinin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın, xarici işlər naziri Mövlud Çavuşoğlunun verdikləri mesajlardan Ermənistan dərs çıxaracaq. Rəsmi Ankaranın mövqeyi aydındır: Azərbaycan "qırmızı xəttimizdir" və bizimlə diplomatik münasibətlərin bərpası Azərbaycanla münasibətlərin normallaşmasından keçir. İrəvan öz regional siyasətində bu açıqlamaları postsulat kimi qəbul etməlidir. Doğrudur, Ermənistanın işi indi o qədər də asan deyil. Ancaq düşünürəm ki, Baş nazir Nikol Paşinyan o qədər də axmaq siyasətçi deyil. O, Ermənistanın gələcəyinin indi atılan addımlardan asılı olduğunu başa düşür. Əgər bu gün İrəvan Moskvanın təsirindən çıxa bilməsə, gələcəkdə daha çətin olacaq.
Fikrimcə, nümayəndə heyətlərinin görüşündə Ağdərə məsələsi də gündəmdə olacaq. Hər halda Ağdərə, Xankəndi bizim növbəti hədəflərimiz olmalıdır. Və artıq bu istiqamətdə işlər başlamalıdır.
Türkiyə xəbərdarlıqlarını davam etdirdikcə Ermənistan reallığı qəbul etməyə başlayacaq. Bu mənada, yəqin ki, Ankara İrəvanı doğru yola çəkməkdən ötrü müntəzəm bəyanatlar səsləndirəcək, xatırlatlamalar edəcək.
Dünən Ermənistan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 31- də Brüsseldə görüşə biləcəkləri barədə məlumat yaydı. Azərbaycan tərəfi hələlik bu iddianı təsdiqləməyib. Amma görüşün baş tutması mümkündür. Və əgər Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə görüş olacaqsa, o zaman yəqin ki, Şahin Mustafayevlə Mqer Qriqoryanın müzakirəsinin nəticələri barədə də fikir mübadiləsi aparılacaq.
Ümumiyyətlə, proses maraqlarımıza uyğun davam edir. Zənnimcə, yaxın vaxtlarda yeni nəticələr əldə edilə bilər.
Kənan Novruzov-siyasi ekspert